“Rusiyalı milyarder Süleyman Kərimov Dərbəndi satın alır”

Rusiya Federasiyası, Dağıstan respublikası, Dərbənd şəhəri. Şəhərin Azərbaycan icmasının nümayəndələri Nizami Gəncəvi adına parkda Azərbaycan Dövlət Dram Teatrı binasının tikilməsində israrlıdırlar. “Şimal xəbərləri”nin əldə etdiyi məlumata görə, bu məsələ ilə əlaqədar ictimai təşkilatlardan biri Azərbaycanın Rusiya Federasiyasındakı Fövləqadə və Səlahiyyətli səfiri Polad Bülbüloğluna müraciət edib.

Məktubun mətni barədə məlumatımız olmasa da, informasiyalara əsasən, səfirdən kömək istənilir. Bu arada onu da qeyd edək ki, Dərbənd şəhərinin meri Xizri Abakarov da teatr binasının sözügedən parkda inşa edilməsinin qəti əleyhinədir.

“Şimal xəbərləri”nin Dərbənddən əldə etdiyi digər informasiyada isə bildirilir ki, rusiyalı milyarder Süleyman Kərimov bir müddətdir ki, Moskva qeydiyyatından çıxaraq Dərbənd qeydiyyatına düşüb. Bundan sonra o, biznes fəaliyyətinə görə ödədiyi vergiləri Dağıstanın büdcəsinə köçürəcək. Külli miqdarda bu vəsaitin bir hissəsinin Dərbənd şəhərinin sosial infrastrukturuna xərclənməsi ilə əlaqədar respublikanın rəhbəri Vladimr Vasiliyevlə Süleyman Kərimov arasında razılıq əldə olunub. Mənbə israr edir ki, Dərbəndin torpaq sahələri, o cümlədən, N. Gəncəvi adına parkdakı 6,5 hektar ərazi də rusiyalı milyarder tərəfindən alınıb. Ümumilikdə isə, Süleyman Kərimov Dağıstanın bütün cənub hissəsinə nəzarəti ələ keçirir. Mənbə deyir: “Doğrudur, bəzi ekspertlər S. Kərimovun ödəyəcəyi vergi müqabilində bu işlərin görülməsinə inanmırlar. Ortalıqda böyük korrupsiya oyunu mövcuddur. Digər tərəfdən rusiyalı milyarderin gizlində başqa siyasi iddiaları da var”. Müsahibimiz bildirir ki, şəhərin meri birbaşa S. Kərimov tərəfindən idarə olunur. “Onlar yaxşı bilirlər ki, əgər teatr binası parkda inşa edilsə öz niyyətlərinə çatmayacaqlar. Ona görə də binanın Dərbəndin künc-bucağında tikilməsində maraqlıdırlar. Bu qüvvələrin digər bir niyyəti də odur ki, şəhərdə azərbaycanlıların yaşadığı qədim məhəllələrdəki evləri satın alsınlar. Dərbənddə çox ciddi bir oyun gedir. Demoqrafik situasiya süni şəkildə dəyişdirilir. Şəhər merinin azərbaycanlıları millətçi adlandırması və onları hüquq-mühafizə orqanları ilə təhdid etməsi bu oyunların başlanğıcıdır”.

Mövzuya qayıdacağıq.

Fazil Mahmudov

“Şimal xəbərləri”