“Rusiya sülhməramlıları Azərbaycanın suverenliyini pozurlar“ – Narazılıq artır

Türkiyə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır. Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında Ankarada sual doğuran məqamları açıqlayıb. Nazir bildirib ki, ilk növbədə Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanması vacibdir.

Sozcu.az xəbər verir ki, Çavuşoğlu bölgədəki rus hərbçilərinin sayının anlaşmada əks olunduğundan çox olması barədə Azərbaycandan bir şikayət gəlmədiyini qeyd edib: “Əsas məsələ Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçidlərə icazə vermək roludur. Halbuki bunun üçün Azərbaycandan da icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hansısa status-kvo təyin olunsa belə, yenə Azərbaycan sərhədləri daxilində olacaq. Ona görə də, Rusiya rəsmilərilə görüşdə Azərbaycandan icazəsiz bunların edilməməli olduğunu bildirdik. “Siz sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi barədə qərar verməyin məsuliyyəti sizdə deyil” dedik

ADP sədri Sərdar Cəlaloğlu “AzPolitika.info”-ya bildirib ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bəyanatı mövcud problemləri əks etdirir: “Doğrudan da Rusiya sülhməramlıları Dağlıq Qarabağda mandatdankənar fəaliyyətlə məşğuldurlar və Azərbaycanın suverenliyini pozurlar. Nazirin dediyi kimi, onların bəlli bir statusu olmalıdır və indi məşğul olduqları bir çox məsələlər Azərbaycan tərəfindən həyata keçirilməlidir. Laçın dəhlizində Azərbaycan ordusunun və gömrük, sərhəd qoşunlarının yerləşdirilməsi, giriş-çıxışa nəzarət olunması vacibdir”.

Sərdar Cəlaloğlu bildirir ki, Çavuşoğlu bu açıqlamanı səsləndirərkən Rusiya tərəfinə xəbərdarlıq edib. “Monitorinq Mərkəzinin qurulmasından sonra bu fəaliyyətlərin Azərbaycanın suverenliyi daxilində həyata keçirilməsinə çalışacağını ortaya qoyub”.

Azərbaycan bu istiqamətdə nə edə bilər?

Bu suala cavabında S. Cəlaloğlu Azərbaycanın öz müttəfiqi ilə birgə hərəkət etməli olduğunu vurğulayıb.

Facebook Comments