“Rusiya istəməz ki, Türkiyənin Şuşada konsulluğu açılsın”

“Hər kəs səhv edir”, “səhvlərdən öyrənir” – bu ifadələri yəqin ağlımız söz kəsəndən eşidirik, bu sözləri , kimsə deyir,məsləhət verir. Fərdin şəxsi həyatında etdiyi səhvlər uzaq başı onun həyatında ağır izlər buraxa bilir. Amma, bütöv bir millət səhv edərsə, bu ifadələr heç bir şəkildə milləti öz səhvlərinə qarşı sakit münasibətə yaxınlaşdırmır. Fərd səhvin dəyərini necə ölçəcəyini, bununla barışacağını və ona təsir etməməsi üçün keçmişi buraxacağını düşünə bilir, amma bütöv bir toplumun səhvi keçmişi unutdura bilmir.

İkinci Qarabağ müharibəsi möhtəşəm qələbəmizlə bitdi, amma Qarabağ konflikti bitmədi. İndi ətrafımızda konfliktlə birbaşa və dolayısı ilə əlaqəsi olan proseslər baş verir. ATƏT-in Minsk Qrupunun bizim maraqlarımıza uyğun olmayan tələblərlə çıxışı, keçmiş Dağlıq Qarabağın statusu ilə bağlı həmsədrlərin israrı kimi birbaşa , ABŞ prezidenti Baydenin qondarma “soyqırım” ifadəsini işlətməsi, Fransa isteblişmentində Dağlıq Qarabağın müstəqilliyinin tanınması kimi dolayısı baş verən siyasi proseslərin konfliktin yenidən düyünə salınmasına xidmət etdiyini görməmək mümkün deyil.
33 il əvvəl başlamış konfliktin ilk vaxtları ilə müəyyən oxşarlıqlar, paralellər var. Onların hamısını müqayisə etmədən bir oxşarlığı deyə bilərik: o zaman da Xankəndinə təsir edə bilmirdik, indi də. Biz o vaxt səhvlər etdik və bədəlini 30 il ödəməli olduq. İndi düşmən üzərində qələbə çalıb, Böyük Qələbəmizə çox yaxın olduğumuz bir vaxtda səhv edə bilmərik.

Altı aya yaxındır ki, müharibə bitib. Azərbaycan tərəfdən keçmiş Dağlıq Qarabağla bağlı sanki bir sükut bayrağı qaldırılıb. Deyə bilərsiniz ki, 30 ilin yanında 6 aylıq zamana niyə şükür etmirsiniz? Cavabı sadədir: ehtiyatlanırıq ki, keçən hər gün, hər ay otuz illərə çevrilməsin. Bu siyasətdir, ola bilsin bilmədiyimiz səbəblər var. Amma, bu səbəblərin də bir bitmə zamanını, təxmini olsa da, işarə edən hərəkət olmalıdır. Siyasətdə səbr o vaxt uğurlu sayıla bilər ki, “artıq gecdir” qənaətinə gəlib, ağır nəticə ilə məcburən barışmalı olmursan. Baş verən hadisələr bizi belə bir qənaətə aparmır ki?
Yəni, Xankəndi və ətrafındakı mövcud real durum məlumdur: sülhməramlılar Qarabağda atəşkəsə və hər işə nəzarət edir, separatçı rejim fəaliyyətini davam etdirir, Ermənistan və havadarları bu ərazilərə sərbəst müdaxilə imkanına malikdir, Azərbaycan isə kənarda qalıb, torpaqlarına hələ ki, de-fakto sahib ola bilmir. Bu vəziyyət nə vaxta qədər davam edə bilər? Bir vətəndaş olaraq bizi düşündürən məsələ budur ki, Azərbaycan öz dövlət strukturları ilə nə vaxt keçmiş Dağlıq Qarabağa nəzarət edəcək və bayrağımız Xankəndində dalğalanacaq? Suallar azmış kimi bu günlər başqaları da peyda olub və həmişəki kimi şimaldan qaynaqlanır.

Bu ərəfədə bölgəyə kritik səfər gözlənilir: Rusiya XİN rəhbəri S.Lavrov əvvəl İrəvana, üç gün sonra Bakıya gəlir. Səfəri kritik adlandırmağımıza xeyli səbəb var və bəzilərini yuxarıda qeyd etdik, amma tarixi təcrübədən də bilirik ki, gələn persona çox güman ki, hər iki tərəfə “yeniləşmiş” şərtlərini deməyə gəlir. Əlbəttə, görüş haqqında rəsmi informasiyanın necə təqdim olacağını bəri başdan da demək olar: iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq müstəvidə uzlaşdırılmış siyasət yürüdülməsi, Qarabağda sülhün qorunmasının uğurla davam etməsinin vurğulanması və digər məsələlər müzakirə edilmişdir.Təxminən belə. Media nümayəndələri ilə ütülü görüşdə, ütülü suallar və ümumi cavablar da konkretlikdən uzaq olacaq, amma çox çəkməyəcək ki, sürprizlərin şahidi olcağıq. Sürprizlərin nə dərəcədə bizim maraqlarımıza cavab verəcəyi isə.., apardığımız siyasətdən asılı olacaq.

Əslində, Rusiya Qarabağ probleminin açarını həmsədrlərə vermək niyyətində deyil, amma onları əlində təsir rıçağı kimi saxlayır və bu təsir vasitəsi düşməni də qane etdiyindən, bizə qarşı yönəldiyi aksiomadır. Bunun üçün Minsk Qrupunun heyəti fəaliyyətə başlamazdan əvvəl Rusiyanın egidası altında Qarabağa hansısa müvəqqəti bir statusun verilməsini Lavrovun tərəflər arasında müzakirə edəcəyini ehtimal etmək olar. Xoş məramlı görsənmək üçün Rusiya diplomatiyasının başçısı Azərbaycanın saxladığı bir qrup diversant və terrorçuların qaytarılmasına da nail ola bilər. Türkiyə cümhuriyyətinin prezidenti Ərdoğanın Şuşaya elan olunmuş səfərinin də müzakirə predmeti olması mümkün variantdır. Təbii, Rusiya istəməz ki, Türkiyənin Şuşada konsulluğu açılsın və Türkiyənin təsirinin birbaşa Qarabağa yönəlməsinin qarşısını almaq üçün sövdələşmələr də aparması gözlənilən məsələdir.

Düşmən böhrandan çıxmaq istəyir və 20 iyun seçkilərindən sonra bu prosesin gedəcəyi ehtimalı var. Düşmənin hədəfi yenə bizik, yenə Qarabağdır. Ən çətin günlərində bu hədəfdən yayınmadığı, Dağlıq Qarabağın statusu və təhlükəsizliyi ilə bağlı bəyanatlar verdiyi və dəstək aldığı açıq məsələdir. Biz də açıq, aydın rəsmi mövqemizi elan etməli və bütün siyasətimizi keçmiş Dağlıq Qarabağın qalan hissəsinə nəzarətimizi həyata keçirmək istiqamətində aparmalıyıq. Əlimizdə 10 noyabr bəyanatından irəli gələn bəndlər var- erməni silahlı birləşmələrinin çıxarılması, qaçqınlarımızın yerləşdirilməsi və daxili nəqliyyat-kommunikasiya xətlərinin açılması. Sonuncu bənd deyəndə yalnız Mehri dəhlizi yada düşməsin. Zəngəzur dəhlizinin açılması (böyük sual altında olsa belə) bizim hələ Xankəndinə nəzarətimizin yaranması deyil, ona görə də real olandan yapışmaq lazımdır.(moderator)

Bizim səhv etmək hüququmuz yoxdur!

İlham İsmayıl

Facebook Comments