Rusiya Paşinyanı hansı üsulla cəzalandıracaq?

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan təbii qazın qiyməti məsələsində yenə razılığa gələ bilmədilər. Bu səbəbdən yerli mətbuata danışan erməni analitiklər qazın qiymətlərinin artırılacağını bildirirlər. 2018-ci ildə Ermənistan Rusiyadan aldığı hər min kubmetr qaza görə 150 dollar ödəyib. Həmin sazişin müddəti 2019-cu ilin dekabrın 31-də bitir.
Sozcu.az “Moderator.az”a istinadən xəbər verir ki, bu il oktyabr ayının əvvələində RF prezidenti Vladimir Putinin İrəvana səfəri zamanı onun baş nazir Nikol Paşinyanla görüşü olub. Ermənistan baş nazirin mətbuat katibi Vladimir Karapetyan tərəflər arasında enerji daşıyıcılarının qiymətinin müzakirə edildiyini, lakin hansısa qərara gəlinmədiyni söyləyib.

“Qiymət məsələsi təsərrüfat subyektlərinin, müvafiq idarələrin həll edəcəyi problemdir və bu danışıqların sonunda qəbul olunacaq”, – deyə V. Karapetyan yerli “aysor.az” saytına müsahibəsində bildirib.

Erməni politoloq Armen Vardanyan 2020-ci ilin yazında Rusiyanın Ermənistana verdiyi təbii qazın qiymətini artıracağını söyləyib.

“Ermənistan hökumətinin başında Karen Karapetyan gətirildikdə Rusiya qiymətləri aşağı saldı, çünki onun ölkənin gələcək liderinə çevriləcəyini düşünürdü. Lakin “məxməri” inqilab Kremlin bütün səylərini heçə endirdi, buna görə də Putin hakimiyyəti tarifləri əvvəlki səviyyədə saxlamaq üçün heç bir səbəb görmür,” – deyə A. Vardanyan qeyd edib.

Siyasi texnoloq Armen Badalyan əvvəllər təbii qazın qiymətlərinin məhz liderlər arasında müzakirə edilərək qərar alındığını, lakin indi vəziyyətin dəyişdiyini deyib. “Bu, Rusiya tərəfinin indiki hakimiyyətə qarşı etimadsızlığının göstəricisidir”, – deyə Armen Badalayan mövcud vəziyyəti göstərib.

Onun sözlərinə görə, Kremlin hesabları gələn ilin yazına qədər Nikol Paşinyanın reytinqlərini aşağı düşməsi və beləliklə onun hakimiyyətdən kənarlaşdırılması ehtimallarının artması üzərində qurulub.

“Bundan başqa Avropa Birliyi də Nikol Paşinyandan narazıdır. Məsələn bu il sentyabr ayının 21-də Ermənistanın müstəqillik günü ilə bağlı AB ölkələrinin bəzilərinin onu təbrik etməməsi buna sübutdur”, – deyə Armen Badalyan vurğulayıb.

Ermənistanın “Orbeli” analitik-araşdırma mərkəzinin rəhbəri Panduxt Martirosyan da qazın qiymətlərinin bahalaşmasının qaçılmaz olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya həmişə “qaz mövzusu”na rəsmi İrəvana təzyiq göstərmək vasitəsi kimi baxıb. P.Martirosyan bunun Ermənistan iqtisadiyyatına mənfi yöndə təsir göstərəcəyini proqnozlaşdırıb.

Facebook Comments