Rövnəq Abdullayev tənqidə dözümlüdür, yoxsa İlham Əliyev?

Elşən Əlisoy

Xeyir, mən bəzi insanlar kimi, “prezident yaxşıdır, ətrafı pisdir” kimi cəfəngiyat danışmayacam. Mənim düşüncəmə görə, ölkənin taleyi üçün bir başa məsuliyyət daşıyan şəxs prezidentdir. Amma…

İnsafla danışsaq, ölkədə elə məmurlar var ki, onlara baxanda prezidentdən yazmaq daha rahatdır. Bu cür məmurlar ən kiçik bir tənqidə görə, bir çoxumuzun canına, bir çoxumuzun da malına zərər vura bilərlər.

Bu tip məmurlardan biri də, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevdir. Siz təsəvvür edin ki, saytda yaranan hansısa bir problemlə bağlı mütəxəsisə müraciət edəndə, ilk eşitdiyim söz bu olur: “SOCAR-dan yazı yazmamısınız ki?” Mən hələ heç kimdən, yaranan problemlə bağlı, “prezidentdən nəsə yazmamısınız?” kimi bir söz eşitməmişəm. Məncə “Saytların qənimi” mükafatı təsis edilsəydi ona ən uyğun namizəd Rövnəq Abdullayev olardı.

SOCAR-ın 10 milyard manata yaxın borcunun olduğu deyilir. Azərbaycan xalqının ümid yeri olan neftimiz, bizlərə xoşbəxtçilik gətirmək əvəzinə, bədbəxtçilik gətirdi. Ölkənin sərvətlərinin hara xəricləndiyini, kimlər tərəfindən talandığını yazan saytlar isə ya SOCAR-ın maliyələşdirdiyi haker qrupları tərəfindən dağıdılır, ya da sifariş əsasında bloklanır. İlham Əliyevin vətəndaşlara, məmurların özbaşınalıqları haqda ona məlumat vermələri ilə bağlı etdiyi xahiş elə beşikdəcə boğularaq, məhv edilir… SOCAR mətbuat tərəfindən toxunulmaz, Rövnəq Abdullayev tərəfindən isə abadolunmaz bir hala gətirilib çıxarılıb.

Saytlara olan haker hücumlarının əsas təşkilatçısı SOCAR-ın olması haqda iddia tək mənə aid deyil. Bu barədə dəfələrlə yazılıb, jurnalistlərin prezidentə müraciət etmələri haqda qərarları olub. Hətta SOCAR-dan yazdığı üçün qeyri-rəsmi olaraq prokurorluğa çağırılan jurnalistlər də az olmayıb. Azərbaycanın milli brendi olan SOCAR bir ovuc məmur tərəfindən talanır, milli brendimiz, “BREND” saatlarla əvəzlənib, adalarda itirilir. Bundan yazan saytlar isə SOCAR-ın büdcəsi kimi dağıdılır.

Məncə artqı mətbuatın qənimlərinə “DUR” deməyin vaxtıdır! Prezident İlham Əliyev həqiqətən də ölkədə baş verənlərdən xəbərdar olmaq istəyirsə, ətrafında olan məmurlara yox, mətbuata güvənməlidir. SOCAR-ın prezidenti və vitse-prezidentləri qeyri-leqal milyarderlərə çevrilib. SOCAR-ın isə 10 milyarda yaxın borcu var… Az da olsa düşündürücü deyilmi…?

Ölkəni borca salanların əvəzinə, vəziyyəti diqqətə çatdıran mətbuatın cəzalanması bu 10 milyard manat borcun yaxın zamanlarda 2 qat, bəlkə də 3 qat artacağına şərait yaratmırmı? Dövlət başçısı ölkənin həqiqi durumu haqda düzgün məlumatlanmaq istəyirsə,1-ci növbədə “mətbuat qənimləri”ni yerlərində oturtmalı deyilmi?

Talançılığın qarşısını almaq üçün saytların bloklanması aradan qaldırılmalı, mətbuatın azadlığına bir başa prezident tərəfindən yüksək təminat verilməlidir. Jurnalistlərin cəzalanmasını dövlət başçısına, güya müxalifətə zərbə vurmaq kimi təqdim edənlər yalançı və öz əməllərini rahat şəkildə həyata keçirmək isəyən qüvvələrdir. Mətbuat azadlığına görə, Azərbaycanın arzu olunmayan yerləri tutmasına görə, heç bir beynəlxalq təşkilat Rövnəq Abdullayevi və ya hansısa məmuru yox, bir başa İlham Əliyevi günahkar hesab edir. Dolayısı ilə  məmurların da etdiklərinin məsuliyyətini prezident daşımalı olur. Məncə dövlət başçısı bu məsələdə düşünüb, daşınmalıdır…

Sozcu.az