Rəsulzadənin nəvəsi: “Türk dünyasının düşmənləri “Yeni Turan”ın yaranmasından qorxurlar”

“Qarabağ yarası 30 ildir bizimlədir.Torpaqlarımızın düşmən tapdağından azad olunması, üçrəngli bayrağımızın işğaldan azad edilən ərazilərimizə sancılması hamımızın arzusu idi. Arzu edərdik ki, Şuşada sancılan üçrəngli bayrağımız Bakıda keçirləcək Qələbə paradında dalğalansın. Bu azadlıq mübarizəsi 30 il ərzində keçirdiyimiz sarsıntıların, mənəvi basqının nəticəsidir”.

Sozcu.az xəbər verir ki, bu sözləri Modern.az-a tanınmış rəssam, böyük öndər Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə deyib. Onun sözlərinə görə, qardaş Türkiyə də bu müharibədə bizə dəstəyini ən yüksək səviyyədə göstərdi:

“Türkiyə hər zaman bizə öz mənəvi dəstəyini əsirgəməyib. Onların mənəvi dəstəyi və əməkdaşlığı bizim üçün böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Türkiyənin bütün məsələlərdə yanımızda olmağı, sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi dünyəvi baxımdan ictimaiyyət qarşısında bizə olan basqınları azaldır”.

R.Rəsulzadə qeyd edib ki, ermənilər daim havadarlarından dəstək görüblər:

“XVIII əsrin ortalarında Avropada ermənilərin xeyrinə məqalələr çap olunurdu. Bəziləri xristian olmasından istifadə edərək, bu məqalələri xristian dövlətlərində çap etdirirdilər. 1828-ci ildən sonra erməniləri Şərqdə məskunlaşdırmaq üçün yer verdilər, hətda 1839-cu ildə İrəvan xanlığının adını dəyişdirərək Yerevan adlandırdılar. Əslində onlara bizim torpaqlarımızda yaşamaları üçün ruslar yer vermişdilər. Buna baxmayaraq, onlar qondarma “Böyük Ermənistan” qurmaq iddiasından əl çəkmirdilər.

Türk dünyasına qarşı mənfi münasibətlərin qarşısını alan türk dövlətlərinin qüdrəti, var olmağı idi. Çünki hələ keçən əsrin əvvələrində Çanakkala döyüşündə Türkiyəni parçalamaq istəyirdilər və buna nail olmadılar. Türkiyənin nə qədər güclü olduğunu çox gözəl anladılar.

Türk dünyası Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, musiqisini yüksək qiymətləndirir. Türkiyə özlərini bizdən ayırmır. Biz iki dövlət bir millətik. Bu gün ki, dünya 30 il bundan qabaqkı dünya deyil. Türk dünyasının düşmənləri türk dövlətlərinin birləşib “Yeni Turan” yaratmasından qorxurlar”.

Facebook Comments