“Relax” hadisəsinə görə oğlu həbs edilən deputatın seçki dairəsində digər namizədlərə əngəllər törədilir

78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd Tahir Hüseynov yerli icra hakimiyyəti orqanları tərəfindən təzyiqlərə məruz qalıb.

Sozcu.az-ın Pravda.az-a istinadən xəbərinə görə, bu barədə namizəd özü məlumat verib.

“Bu təzyiqlərin arxasında Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev və şöbə müdiri Əlipənah Bayramov dayanır. Onlar əvvəlcə Şivlə kəndinin icra nümayəndəsi Eminəli Həşimovu, məntəqə seçki komissiyasının sədri Qədiməli Ağayevi, kəndin ağsaqqalı Surət Əliyevi və mənim qardaşım Ağahüseyn Hüseynovu icra hakimiyyətinə çağıraraq, onlara bildirmişdilər ki, mən deputalığa namizəd olmaq fikrindən vaz keçməliyəm. Mənə və qohumlarıma müxtəlif istiqamətlərdən təzyiqlər təşkil olundu. Gördülər ki, vaz keçmirəm, öz hüququmdan istifadə edib imza toplayıram. İndi seçicilərə təzyiq edirlər” – T.Hüseynov bildirib.

Deputatlığa namizəd seçici imzalarının toplanmasını əsasən başa çatdırdığını, indi ona imza verən seçicilərə təzyiq edildiyini qeyd edib: “Şivlə, Çeşman, Züvüç, Biləvər, Gendov, Bülüdül, Xanagah və başqa kəndlərdə mənə imza vermiş sakinləri müəyyən edib, onlardan ərizə alırlar. Seçiciləri mənim müdafiəm üçün verdikləri imzadan imtinaya məcbur edirlər. Məqsədləri odur ki, 100-150 belə qanunsuz ərizə toplayıb mənim deputatlığa namizədliyimin qeydə alınmasının qarşısını alsınlar. Bu qanunsuzluğa qarşı hüquq müstəvisində sonuna qədər mübarizə aparacam”.

T.Hüseynov Müsavat Partiyasının təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Qeyd: Həmin seçki dairəsinin deputatı İqbal Məmmədovdur. Hakim Yeni Azərbaycan Partiyası 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində də İqbal Məmmədovun namizədliyini irəli sürüb.

Xatırlatma: İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlı 2019-cu ilin avqustunda Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə həbs edilib.

Belə ki, avqustun 16-da “Relax” istirahət mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

Həmin faktla bağlı cinayət işi başlanıb.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri – Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Facebook Comments