Real TV: Afət Telmanqızı və Ləman Ələşrəfqızına məhdudiyyət tətbiq olunmayıb

Afət Telmanqızı: “Özlərinə haqq qazandırmaq üçün başqa nə deyə bilərlər?”

Real TV Ləman Ələşrəfqızı və Afət Telmanqızının işdən çıxarılması haqqında fevralın 17-də yayılan məlumatlara münasibət bildirib.

Telekanal bildirib ki, KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı tutduqları mövqelərinə görə, Real TV-nin bəzi əməkdaşlarının işdən kənarlaşdırıldığına dair müxtəlif mülahizələr yayılır:

“Milli Məclisə seçkilərə qatıldıqlarına görə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, REAL TV-nin əməkdaşları Afət Məhərrəmova (Telmanqızı) və Ləman İsmayılova (Ələşrəfqızı) ilə xidməti müqavilə uzadılmayıb. Seçki prosesi başa çatdıqdan sonra həmin şəxslərə öz işlərinə qayıtmaq təklif olunub. Onların telekanalda fəaliyyətlərini davam etdirməsi üçün heç bir məhdudiyyət tətbiq olunmayıb”.

Meydan TV Real TV-nin yaydığı məlumatla bağlı Afət Telmanqızı ilə əlaqə saxlayıb.

A.Telmanqızı bu məsələnin onun üçün qapandığını vurğulayıb:

“Əlbəttə, qarşı tərəf deməyəcək ki, işdən azad ediblər. Özlərinə haqq qazandırmaq üçün başqa nə deyə bilərlər? Ona görə nə istəyirlər yazsınlar”.

Fevralın 17-də Afət Telmanqızı Meydan TV-ə sosial şəbəkədə seçki saxtakarlığına etiraz etdikləri üçün işdən çıxarıldıqlarını demişdi:

“Qarşımızda şərt qoyuldu. Sosial şəbəkədə yazdıqlarımızı silməli, ya da işdən çıxmalıydıq. Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstün tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışdıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu həm də jurnalist kimi bizim borcumuzdur”,- Afət Telmanqızı deyib.

Real TV-nin açıqlamasında işdən çıxarıldığı bildirilən İlqar Mikayıloğlu haqqında heç nə deyilməyib.

Afət Telmanqızı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən seçki yarışına qatılmışdı. MSK 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən YAP-çı İmamverdi İsmayılovu qalib elan edib.

Ləman Ələşrəfqızı isə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. Bu dairədən 2015-ci ildə olduğu kimi Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektoru Aqiyə Naxçıvanlı qalib elan olunub.İlqar Mikayıloğlunun isə həyat yoldaşı Zülfiyyə Yaqub qızı Bayramova 81 saylı Beyləqan Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü. MSK bu dairədən Şahin İsmayılovu qalib elan edib.

Sozcu.az

Facebook Comments