Ərdoğanın “Araz” şerini oxumasından sonra İran Türkiyədə yaşayan güney azərbaycanlılara qarşı təzyiqləri artırıb

Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında məşhur “Araz” şerini səsləndirməsindən sonra İran hökuməti Türkiyədə məskunlaşan güney azərbaycanlılara qarşı təzyiqləri artırıb.

Yayılan məlumatlara əsasən, Türkiyədə işləyən və ya təhsil alan Güney Azərbaycan vətəndaşları İrana qayıtdıqdan sonra bu ölkənin təhlükəsizlik orqanlarına çağırılıb və onlardan ifadə alınıb.

Təhlükəsizlik orqanlarının işçiləri həmin vətəndaşları həm maddi maraq müqabilində əməkdaşlığa cəlb etmək, həm də təhdid etməklə, onlardan Türkiyədə yaşayan güney azərbaycanlı milli- mədəni fəalların şəxsi məlumatları, iş və yaşayış yerləri barədə məlumatlar əldə etməyə çalışıblar.

İranın xüsusi xidmət orqanlarının əməkdaşları, həmçinin bu vətəndaşlardan Türkiyədə məskunlaşmış milli- mədəni fəallarla dostcasına və ailəvi əlaqələr qurmağa, onların məlumatlarını toplayıb təhlükəsizlik qüvvələrinə ötürməyi tələb ediblər.

Bu istiqamətdə Türkiyədə yaşayan milli fəal, doktor Kərim Əsgəri “Facebook”da yazdığı statusda bildirib ki, bu yaxınlarda Türkiyədən ölkəyə qayıdan yaxın dostlarından biri Ərdəbilin “Ettelaat” İdarəsinə çağırılıb və ondan ifadə alıblar. “Ettelaat” işçiləri ondan Kərim Əsgəri və digər mili fəallarla bağlı onlara məlumat verməsini tələb ediblər.

Bu vəziyyət səbəbindən Türkiyədə yaşayan güney azərbaycanlı milli- mədəni fəallar diqqətli olmalı, şübhəli şəxslərlə hər hansı bir əlaqə qurmaqdan tamamilə çəkinməlidirlər.

Facebook Comments