RATİ: Elmar Hüseynovun qətlinə görə cəzasızlığa son qoyulmalıdır

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Azərbaycan hakimiyyətini 15 il əvvəl qətlə yetirilmiş tanınmış jurnalist Elmar Hüseynovun işinə görə cəzasıqlığa son qoymağa və söz azadlığına qarşı dözümsüzlük siyasətini dayandırmağa çağırır.

Mövcud hakimiyyətin kəskin tənqidçisi, müstəqil “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martın 2-də evinin kandarında güllələnib. Azərbaycanda ən səs-küylü siyasi qətlin nə sifarişçisi, nə də icraçısı indiyə qədər məsuliyyətə cəlb edilməyib.

“Bu səs-küylü cinayətin müddəti yoxdu və hakimiyyətin Elmarın qətlinin araşdırılmasında fəaliyyətsizliyi ildən ilə şübhələrimizi artırır ki, hakimiyyətin aparıcı tənqidçisinin qətlində mövcud hakim elitanın nümayəndələrinin əli var”, – deyə RATİ-nin direktoru Emin Hüseynov deyib.

Hakimiyyətin bu səs-küylü cinayəti araşdırmaqda marağının olmaması və jurnalistin qətli faktına görə cəzasızlığın qalmasında qismən maraq nümayiş etdirməsi səbəbindən RATİ Avropa Şurası və ATƏT-i, həmçinin BMT-i Azərbaycan hakimiyyətindən Elmar Hüseynovun qətlində günahkar olanları cəzalandırmağı tələb etməyə və zərurət yaranacağı halda bütün beynəlxalq mexanizmlər, o cümlədən sanksiya vasitəsilə hakimiyyəti buna məcbur etməyə çağırır.

RATİ Azərbaycan hakimiyyətini söz azadlığı nümayəndələrinə qarşı düşmən və repressiv münasibətə birdəfəlik son qoymağa, jurnalistlər Elmar Hüseynovun, Alim Kazımlının (2005-ci ildə hücumdan sonra dünyasını dəyişdi), Rafiq Tağının (2011-ci ildə hücumdan sonra dünyasını dəyişdi), Rasim Əliyevin (2015-ci ildə hücumdan sonra dünyasını dəyişdi) qətllərini, həmçinin jurnalistlər Novruzəli Məmmədov (güya 2009-cu ildə həbsxanada başladığı aclıqdan sonra dünyaını dəyişib), Eyyub Kərimov (güya 2018-ci ildə dəm qazından boğulub), bloger Mehman Qələndarovun (güya 2017-ci ildə kamerada özünü asıb) müammalı ölümlərini hərtərəfli araşdırmağa çağırır.

RATİ həmçinin hakimiyyəti həbs edilən bütün jurnalistləri azad etməyə, tənqidçilərinə qarşı siyasi və uydurma cinayət işlərinə son qoymağa, diffamasiyanı tam dekriminallaşdırmağa, müxalif və müstəqil KİV-lərin saytlarının bloklanması ilə bağlı məhkəmə və məhkəmədənkənar qadağaları aradan qaldırmağa, Youtube və Facebook trafikinə çıxışı məhdudlaşdırmamağa, müstəqil jurnalistlərin hərəkət azadlığına maneəni aradan qaldırmağa, KİV nümayəndələrinə qarşı bütün siyasi motivli cinayət işlərinə son qoymağa, Azərbaycanda söz azadlığını məhdudlaşdıran bütün təzyiq növlərinə son qoymağa çağırır.

Sozcu.az

Facebook Comments