Ramiz Rzayev: Jurnalistlər açıq məhkəmələri sərbəst işıqlandıracaqlar

”Avropa Məhkəməsinin Azərbaycandan olan müraciətə əsasən ləğv etdiyi işlərin sayında azalma müşahidə olunub”

Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 3 aprel Fərmanı bu sahənin yeni strateji yol xəritəsidir.

Bunu aprelin 17-də mətbuat konfransında Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev deyib.

O bildirib ki, sənədin vaxtında yerinə yetirilməsi üçün hər bir hakiminin üzərinə böyük məsuliyyət düşür:

“Vətəndaşların məhkəmələrə inamını təmin etməli, süründürməçilik halları aradan qaldırılmalıdır. Araşdırmalar göstərir ki, bu sahədə hələ də vətəndaşları narahat edən nöqsanlar var. Buna görə hər bir hakim dəyişikliklərə özündən başlamalıdır”.

Ramiz Rzayev bildirib ki, ötən il birinci instansiya məhkəmələri tərəfindən 246 min 920 işə, o cümlədən 224 min 584 mülki, 5 min 29 iqtisadi, 17 min 307 inzibati mübahisələrə dair işlərə baxılıb. Onun sözlərinə görə, 2017-ci illə müqayisədə 2018-ci ildə baxılan işlərin ümumi sayı 30,5 faiz azalıb.

Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb. Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artım müşahidə olunub.

Ali Məhkəmə sədri onu da xatırladıb ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan vətəndaşlarının müraciətinə əsasən ləğv olunan işlərin sayında 2017-ci illə müqayisədə 2018-ci ildə azalma müşahidə olunub.

Bundan başqa R.Rzayev jurnalistlərin açıq məhkəmə iclaslarını sərbəst şəkildə işıqlandıra biləcəyini deyib.

“Azərbaycanda yalnız dövlət sirri və ailə münasibətləri ilə bağlı məhkəmələr qapalı keçirilir”.

Sozcu.az