Rafiq Əliyevlə bağlı iki möhtəşəm kitab təqdim ediləcək

Dünyaca tanınmış alim, professor Rafiq Əliyevə həsr olunan “Su kimi sakit və güclü” kitabının təqdimat mərasimi keçiriləcək.

Kult.az xəbər verir ki, kitab alimin son illər yazdığı məqalələr, mətbuata verdiyi müsahibələr və ona ithaf olunan yazılardan ibarətdir. Kitabın tərtibçisi və redaktoru tanınmış şair-publisist Rəfail Tağızadədir.

Təqdimat mərasimində adıçəkilən kitabla yanaşı, Rafiq Əliyevin başqa bir dəyərli elmi əsəri də ictimaiyyətə təqdim olunacaq. Kitab Rafiq Əliyevin elmi sələfi Lütfi Zadə ilə birlikdə yazdığı “Qeyri-səlis məntiq – nəzəriyyə və tətbiqetmələr” (Fuzzy Logic Theory and Applications) monoqrafiyasıdır.

Qeyd edək ki, XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin istiqamətini dəyişən Lütfi Zadənin elmi varisi professor Rafiq Əliyevlə birlikdə yazdığı kitab ötən il işıq üzü görüb və çap olunduğu ilk günlərdə də dünya elmi cameəsi tərəfindən böyük maraqla qarşılanıb.

Dünyanın məşhur və ən nüfuzlu elmi nəşriyyatı olan “World Scientific”də çapdan çıxan kitab Lütfi Zadənin nə qədər maraqlı da olsa sayca, cəmi ikinci kitabıdır.

Təqdimat mərasimi 10 fevral saat 18:00-da Xəzər Universitetinin Mərmər zalında keçiriləcək (“Neftçilər” metrostansiyasının yanı, Məhsəti küçəsi 41).

Facebook Comments