Qurban Məmmədov AXH İdarə Heyəti üzvlüyündən istefa verdi

AzerFreedom kanalının sahibi Qurban Məmmədov AXH İdarə Heyəti üzvlüyündən istefa verib.

Sozcu.az xəbər verir ki, bu barədə o, musavat.com saytının youtube və facebook üzərindən apardığı canlı yayında bəyanat verib.

O, istefasını AXH qurucu İdarə Heyətinin üzvlərindən biri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun ona qarşı apardığı kampaniya ilə əlaqələndirib. O, deyib ki, İsgəndər Həmidovdan bir qardaş kimi böyük zərbə alıb və hələ də özünə gəlməyib. Canlı yayında danışan Qurban Məmmədov bildirib ki, hazırda aldığı mənəvi zərbəyə görə müalicə almaq məcburiyyətindədir. AXH İH-dən də istefa edir.

Musavat.com bildirir ki, bütün bunlara səbəb Qurban Məmmədovun guya AXH İH üzvlərindən biri ilə gizli vatsap yazışmalarının üzə çıxmasıdır. Bu vatsap yazışmaları RealTV efirindən səsləndirilib. Qurban Məmmədov və bu yazışmalarda tərəf kimi adı çəkilən Tural Abbaslı belə bir faktın olmasını inkar ediblər və bildiriblər ki, bütün bunlar saxtalaşdırılmış böhtandan başqa bir şey deyil.