Qubad İbadoğlu: “Neft qiymətləri ucuzlaşanda büdcəni “yeyən”lər yada düşür”

İqtisadçı: “SOCAR-ın 12 vitse-prezidenti, hər vitse-prezidentin də bir neçə müşaviri var”

“Bu gün prezident büdcəyə ötən il 1 manat ödəyib, 11 manat geri götürən dövlət şirkətlərinin fəaliyyətini tənqid edib. İllərdir ki, bu barədə yazırıq, korporativ idarəetmə modelini təklif edirik, amma qulaq asan yoxdur. Bir balaca neft qiymətləri ucuzlaşan və büdcə mədaxilində gərginlik yarananda büdcəni “yeyən”lər yada düşür”.

Sozcu.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçı vurğulayıb ki, bu il üçün SOCAR-ın büdcə qarşısından öhdəliklərini 210 milyon manat azaldıblar: “Xatırladım ki, SOCAR-ın 12 vitse-prezidenti vardır, hər vitse-prezidentin bir neçə müşaviri vardır, məsələ burasındadır ki, onların heç birinin də ixtisarı gözlənilmir, əksinə sayı SOCAR-ın maliyyə durumu pisləşdikcə artır. Ona paralel olaraq hər birinin də vilları, mülklərinin, övladlarının bahalı saatlarının və avtomobillərinin sayı da çoxalır”.

Qeyd: Prezident İlham Əliyev avqustun 6-da keçirilən Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirədə Dövlət Neft Şirkətini də tənqid edib: “Dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir”.

Facebook Comments