Qubad İbadoğlu Azərbaycan səhiyyəsindən yazdı: “İctimai gözləntilər çoxdan dəfn edilib”

“Hamı qidalanır, biri çox, o biri az yeyir, biri hər səhər kürü yeyir, başqası şor, birinin evində hər gün bozbaş bişir, plov hazırlanır, o birisi yavan çörəklə baş aldadır, birisi yeyib-içməyə, pul xərcləməyə restoran, o birisi borclarını ödəməyə imkan axtarır. Yəni hərə birtəhər yaşayır, amma onların çox az hissəsi inkişaf edir. Çünki, insanın inkişafı keyfiyyətli təhsil və səhiyyə sisteminin əlçatanlığından asılıdır. Təhsil gələcəyə, səhiyyə isə sağlamlığa bağlı olduğundan hər hər bimiz bu iki sahədə gedən proseslərin iştirakçısı oluruq. Mənim qənaətimə görə, son illər xüsusilə ali təhsil sahəsində (bir neçə Universitetin timsalında) keyfiyyət dəyişiklikləri müşahidə edilsə də səhiyyə sahəsində demək olar ki, geriyə gedirik. Bu özünü aşağıdakı istiqamətlərdə görtərir”.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib:

“Biricinsi, dövlətin səhiyyəyə ayırdığı vəsaitlə yanaşı, əhalinin sağlamlığına yönəltdiyi xərcləri də durmandan artır. İkincisi, tibb xidmətlərinin bahalığı bir tərəfdən ictimai səhiyyəyə əlçatanlığın azalmasına, digər tərəfdən də onun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Üçüncüsü, pis idarəçilik və səhiyyədə kommersiyalaşma ucbatından bütövlükdə tibb müəssisələrinə, ayrıca götürdükdə isə kommersant həkimlərə etimad azalır, milli səhiyyə sistemi nüfuzunu itirir. Belə vəziyyətdə maddi vəziyyətindən asılı olaraq imkanı çatanlar müayinə, müalicə və əməliyyat üçün İrana, Rusiyaya Gürcüstana, Türkiyəyə, Almaniyaya, ABŞ-a və digər ölkələrə üz tuturlar”.

“Bütün bunlar illərlə davam edir. Nə 70 illik ömrünün son 15 ilini bu vəzifəni daşıyan səhiyyə naziri, nə də son illər islahatlardan danışanlar səhiyyəyə toxunmur” – deyən partiya sədri, qeyd edib ki, nə onlar, nə də onların ailələri milli səhiyyə xidmətlərindən istifadə etmirlər, bir balaca narahatlıqları yarananda xaricə üz tuturlar:

“Son zamanlar icbari tibbi sığortadan da xəbər yoxdur. Əslində səhiyyə sistemində hazırkı idarəçilik və infrastruktur, fəaliyyət mühiti və resurslar bu sahədən ictimai gözləntiləri çoxdan dəfn edib.

İllərlə dəyişməyən Azərbaycan səhiyyəsi isə inhisarçı dərman şirkətləri ilə birlikdə girdablarına düşən kasıb insanlara yeni xəstəliklər, yeni dərdlər mübtəla edır. Allah bütün xəstələrə şəfa versin”.

Facebook Comments