““Qondarma, separatçı rejim” sözlərindən uzaq durmaq lazımdır” – Keçmiş nazir

“Prezident İlham Əliyevin Soçidə Qarabağlı bağlı verdiyi bəyanat Azərbaycan cəmiyyətindəki narahatlığı bir qədər aradan qaldırdı”.
Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan prezidenti İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Qarabağla bağlı səsləndirdiyi bəyanatı şərh edərkən bildirib.

İlham Əliyev Soçidə birmənalı şəkildə Qarabağın Azərbaycana aid olduğunu bəyan edib: “Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ – bu, Azərbaycandır və nida işarəsi”.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistanındır, nöqtə” şəklində bəyanat vermişdi.

Tofiq Zülfüqarov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın məlum bəyanatından sonra Azərbaycan cəmiyyəti ona veriləcək cavabı səbirsizliklə gözləyirdi. “Hətta bir qədər narahatlıq yaranmışdı. Lakin prezident İlham Əliyevin bəyanatından sonra bəlli oldu ki, Azərbaycan tərəfi ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır. Hesab edirəm ki, bu çox vacib və vaxtında verilən bəyanatdır”, – deyə keçmiş XİN rəhbəri bildirib.

Tofiq Zülfüqarov bəyanatın Soçidə verilməsinə də diqqət çəkib: “Bu cür bəyanatların hansı auditoriya qarşısında verilməsi vacib amillərdən biridir. Məhz Rusiya prezidenti Vladimir Putinin qarşısında, onunla danışıqlardan sonra belə bir bəyanatın verilməsi Paşinyana və Ermənistana ciddi cavabdır”.

Bəyanatın Qarabağla bağlı aparılan danışıqlara təsirinə gəlincə, Tofiq Zülfüqarov deyib ki, Azərbaycan prezidentinin və Ermənistanın baş nazirinin bəyanatlarından sonra real danışıqlar üçün yer qalmayıb. “Nə Paşinyan mövqeyindən geri çəkiləcək, nə də ki, Azərbaycan prezidenti. Beləliklə, onların bəyanatlarını üst-üstə qoyanda görürük ki, real danışıqlara yer qalmayıb.

Bəzən Ermənistanın mövqeyindən geri çəkildiyini deyirlər. Lakin mən bununla razı deyiləm. Ən azı ona görə ki, Paşinyan öz bəyanatından imtina etməyib.

Bununla belə, istisna deyil ki, Rusiyanın xarici işlə naziri Sergey Lavrov və ermənispərəst qüvvələr danışıqlar görüntüsü yarada bilər. Təbii ki, biz də bunu lazımi şəkildə qəbul etməliyik.

Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Əslində, Paşinyanın bəyanatı bir tərəfdən müsbətdir ona görə ki, baş nazir bununla Ermənistanın Qarabağla bağlı real siyasətini nümayiş etdirib. Bu bəyanatı eşidəndən sonra “qondarma rejim”, “separatçı rejim” sözlərindən uzaq durmaq lazımdır. Burada separatçılıqdan yox, bir dövlətin başqa bir ölkənin ərazi bütövlüyünü pozaraq onun torpaqlarını öz ərazisinə birləşdirmək cəhdindən söhbət gedir. Yəni, Ermənistan birmənalı olaraq irredentizm siyasəti yürüdür. Azərbaycan prezidentinin bəyanatı isə bunun heç bir halda baş verməyəcəyinə işarədir”.