“Qızlar da xi-xi-xi utana-utana “finka”da çıxırdılar…”

Son zamanlar dəb düşüb, insanlar gəzirlər, ölçürlər, addımlarının sayını paylaşırlar fəxarət hissi ilə. Təqdirə layiqdir, lakin dediyim başqa.

Sovetin nəyi də olmasaydı, sağlam həyat tərzinin təbliğində çox güclü siyasət yeridirdi. “Beqom at infakta”, “Xadba – eta jizn” kimi mövzular atılırdı mediaya bu yaşlı nəsil üçün.

Gənclərin isə imkanları sərhədsiz idi, idman seksiyaları, klublar, cəmiyyətlər, həyətlərdə meydançalar… Mən özüm rayon üzrə yarışlarda 100 metrlik qaçışda birinci yer tutmuşdum.

Yerimdən elə götürülürdüm, bir dənə virus çata bilmirdi.

Məktəbdə isə bədən tərbiyəsi dərsinə getməmək üçün gərək özün boyda arayış gətirəydin ki, “Bu “polnı” debildi, işiniz olmasın”

Oracan qaç, ordan hoppan, burdan sallan, otur, dur, idman dərsi olan günü çantalarımızda forma aparırdıq, qızlar da xi-xi-xi utana-utana “finka”da çıxırdılar.

Sinif artığca, S üzü XL tərəfə getdikcə “xi-xi” da artırdı, amma sözüm onda yox.

O vaxtlar smartfon-filan yox idi və atamın şaqomer deyilən cihazı var idi.

Asırdın belindən və yeridikcə ayaq ona dəyə-dəyə sayğacı fırladırdı.

On yerinə beş sayırdı, beş yerinə on saya bilərdi, çünki iş prinsipi mexaniki idi, amma orta hesabla bilmək olurdu normanı yerimisən, ya yox.

Gündəlik gəzmək planımı yerinə yetirib gəldim, nəsə yadıma düşdü o günlər…

Azər Qəribov

Jurnalist

Facebook Comments