“Qızıma nəsihət” -ŞER

Qızıma nəsihət

Qızım mən baharam, sənsə çiçəyim.

Qoymaram solasan yel vura səni.

Sən arzu gəmimsən,arzu diləyim.

Böyü arzum kimi,yaşa gül kimi.

***

Bilirəm, dərindir səndəki yara.

Atalı olsan da atasız qaldın…

Nə üzə ağ oldun, nə dönük bala.

Öz cahil atana küsdün,qırıldın.

  ***

Hər gün bulud aldı gülən üzünü.

İçindən boylanan Günəşi tutdu.

Hər səsin çıxanda kəsdi sözünü.

Hayqırdı, atalıq haqqın unutdu.

***

Atan bir kölədir cahilliyinə.

Onun dünyasında haramdır sevgi.

Öz doğma qızının gözəlliyinə.

Qənim kəsilmək də qərib deyil ki…

***

Dünyanı kirlədən “dindarlar” ki, var.

Sənin atanı da kirlətmiş qızım.

Onun aləmində sevən insanlar.

Sevib, “yar” deməklə, kirlənir qızım.

***

O, bilmir şiddətlə ərə gedən qız.

Özü öz məninə düşmən kəsilir.

Şiddətlə birinə kölə gedən qız.

Ömürlük kənizdir ömürlük əsir.

***

Mən izn vermərəm canım yansa da.

Canımın parçası qızım qul olsun.

Baharam, hər zaman yellər vursa da.

Qanımla bəslərəm yazım gül olsun.

***

Oxu, gözəl qızım, dərk et həyatı.

Dərk et “Mütləq” olan, mütləq “haqq”ını.

Öyrən yeri –göyü, bu kainatı.

Yetişdir özündə sevgi qadını.

***

Sevgiylə açılsın gözün dünyaya.

Sevgidən danışsın dilin, dodağın.

Elminlə qanadlan qalx ki, səmaya

Sevgidən bərkisin qolun, qanadın!

Mətanət ASLAN

Reyhana ASLAN
Facebook Comments