“Qərbi Azərbaycanda avtomagistral yol yoxdur”

Qərbi Azərbaycan Polis İdarəsinin rəisi polkovnik Hüseynzadə təmsil etdiyi əyalətdə baş verən yol qəzaları ilə bağlı danışarkən əyalətdə avtomagistral yollarının (azad rah) olmadığını bildirib.

“Son 10 ay ərzində Qərbi Azərbaycanda yol qəzalarında ölənlərin sayı 17 faiz, xəsarət alanların sayı isə 7 faiz artıb. Ölüm faktı ən çox Qoşaçay (12 faiz) və Makı (11 faiz) yollarında, eləcə də Urmiya-Xoy yolunda (11 faiz) qeydə alınıb.

Yol qəzalarının sayı həftə sonu artır. Tətil günlərində baş verən qəzalar bütün yol-nəqliyyat hadisələrinin 46 faizini təşkil edir.”- deyə o bildirib.

Polis rəisi sözlərinin davamında əyalətin yollarından danışıb. O bildirib ki, Qərbi Azərbaycanda 280 kilometr şəhərlərarası magistral yol və 11 min kilometr kənd yolu var. Bu əyalət üç ölkə ilə həmsərhəddir, buna baxmayaraq avtomagistral yolu yoxdur.

Qeyd edək ki, Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

Sozcu.az

Facebook Comments