Qərbi Azərbaycanda 732 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 732 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 229 nəfərinin koronavirus testi pozitiv çıxıb.

“İnfeksiyaya yoluxanlardan 134 nəfər reanimasiya şöbəsində müalicə olur. Onlardan 48-i ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə Ağazadə əlavə edib.

Ağazadə həmçinin bildirib ki, son 24 saatda daha 10 nəfər koronavirusdan dünyasını dəyişib. Beləcə də Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının ümumi sayı 374 nəfərə çatıb.

Zəncan əyalətində isə son 24 saatda daha 16 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 1435 nəfərə çatdığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 158 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1117 nəfərinin tam sağaldığını bildirib.

Güney Azərbaycanın Ərdəbil əyalətində isə son 24 saatda 14 nəfər koronavirusa yoluxub. Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 106 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 32 nəfəri reanimasiya şöbəsindədir.

Facebook Comments