“Qələbəmiz üçün ordumuz NATO standartlarına keçməli, müdafiə naziri mülki şəxs təyin olunmalıdır”

Qarabağ savaşının ilk ən qaynar illərində Azərbaycanın yenicə formalaşan Müdafiə Nazirliyinə rəhbərlik etmiş general-mayor Tacəddin Mehdiyev Moderator.az-a müsahibəsində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən, qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi perspektivlərindən, torpaqlarımızın tezliklə azad edilməsi üçün görülməli olan digər həyati vacib işlərdən bəhs edib.

Məsələyə münasibət bildirmək üçün Moderator.az aşağıdakı sualla millət vəkili Qüdrət Həsənquliyevə müraciət edib.

– Qüdrət bəy, Tacəddin Mehdiyev müsahibəsində bildirib ki, savaşı udmaq üçün ilk növbədə uğurlu hərbi siyasət və həmin siyasət əsasında hərbi doktirina və “Müdafiə Haqqında” Qanun qəbul edilməlidir. Baş Qərargah rəisinin səlahiyyətlərinin “Müdafiə Haqqında” Qanunla tənzimlənməməsini ciddi qüsur kimi təqdim edib.

– “Müdafiə Haqqında” Qanunun 7-ci maddəsi Müdafiə Nazirliyinin səlahiyyətlərini müəyyən edir. Həmin qanunda müdafiə nazirinin də səlahiyyətləri ayrılıqda müəyyən olunmur. Həmin maddənin birinci bəndində deyilir ki, Müdafiə nazirliyi Prezidentin təsdiq etdiyi Əsasnamə əsasında fəaliyyət göstərir. Bundan başqa müdafiə nazirliyinin fəaliyyətini tənzimləyən çoxsaylı qanun və qanunqüvvəli normativ hüquqi aktlar mövcuddur. Qanunları hər zaman təkmilləşdirmək olar. T.Mehdiyevdən fərqli olaraq mən düşünürəm ki, qələbəmiz üçün ilk növbədə ordumuz NATO standartlarına keçməli, peşəkar, müqavilə əsasında formalaşan ordu qurulmalı, müdafiə naziri mülki şəxs təyin olunmalı,”Silahlı Qüvvələr” haqqında Qanuna dəyişiklik edilməli və Orduya mülki nəzarət təmin edilməlidir.

Güclü Ordu quruculuğu ilə yanaşı onu müasir silahlarla təchiz edə biləcək güclü iqtisadiyyat qurulmalı, xarici siyasətdə, neytrallıq doktirinasından imtina edilməklə, ciddi hərbi-siyasi müttəfiqlər tapılmalıdır.

Millət vəkili Fazil Mustafa da general Tacəddin Mehdiyevin söylədiyi fikirlərlə razı olduğunu bildirib.

General Tacəddin Mehdiyevin bu müsahibəsində yer alan fikirlərlə əsasən razıyam. Həqiqətən də müharibəyə ciddi hazırıq üçün peşəkar yanaşılmalıdır. Baş Qərargah rəisinin səlahiyyətlərinin və vəzifələrinin müəyyənləşməməsi də doğru təsbitdir. Qanunvericilikdə hökmən bu kimi məsələlər üzrə dəqiqləşdirilmələr aparılmalıdır.

Facebook Comments