Qazıntı zamanı Bakıda qədimi hamam tapılıb? – AÇIQLAMA

Bakıdakı “Təzəpir” məscidi ətrafında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqlarının ortaya çıxması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Oxu.Az-a açıqlama verib.

O, qazıntı işləri zamanı hamamın aşkar edildiyini təsdiqləyib.

“Həmin ərazidə hamam olub. Bir neçə il əvvəl hamam sökülüb, yerin alt hissəsində isə külxanası qalıb. Həmin hamam şəxsi mülkdə olub. Ancaq bu hamam tarixi abidələr siyahısına daxil deyil.

Qazıntı işləri zamanı üzə çıxan da hamamın külxanasıdır. Hazırda əməkdaşlarımız həmin ərazidə araşdırmalar aparır”, – F.Hüseynov bildirib.