Qazax Ziyalılar Klubu İsmayıl Şıxlının yubileyini qeyd etdi

Qazax Ziyalılar Klubunun təşkilatçılığı ilə 13 Sentyabr, 2019-cu ildə Atatürk Mərkəzində Xalq Yazıçısı İsmayıl Şıxlınin 100 illik yubileyi keçirildi.

Sozcu.az xəbər verir ki, yubiley tədbirini giriş sözü ilə açan Ziyalılar Klubunun idarə heyətinin üzvü Sərxan Carçı qısa çıxış edərək ilk sözü tədbirə xüsusi qonaq kimi dəvət edilmiş İsmayıl Şıxlı yadigarı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya verdi. Elçin Şıxlı tədbir təşkilatçılarına təşəkkür edərək, atası barədə xatirələrindən, ələxsus da İsmayıl Şıxlının iki böyük romanından, “Dəli Kür”, “Öləm Dünyam” və digər romanlarından danışdı. Romanlar barədə geniş izah verən Elçin Şıxlı atasının sonucu romanı olan “Ölən dünyam” əsərinin necə ərsəyə gəlməsini, çox böyük təəssüf hissi ilə atasının romanın kitab formasını görə bilmədiyini, ancaq atasının qırx mərasimində hazır etdiklərini dedi.

Sonra söz Şərq qəzetinin baş redaktoru Akif Aşırlıya verildi. Akif Aşırlı İsmayıl Şıxlıdan iki dəfə müsahibə aldığını bildirərək dedi ki: “O dövrdə hadisələr çox qaynar idi. Əslində hər bir deputat istəyirdi ki, jurnalistlər ondan müsahibə alsın. Amma jurnalistlər məhz İsmayıl müəllimdən bircə kəlmə münasibət öyrənmək istəyirdi”.

Növbəti çıxışçı Dövlət Televiziyasının əməkdaşı Avdı Qoşqar oldu. Avdı Qoşqar İsmayıl Şıxlının yaxşı yazıçı, əsl ziyalı olmaqla bərabər onun həm də gözəl pedaqoq olduğunu xüsusi ilə vurğuladı.

Tədbirdə iştirak edən “Qazax Xeyriyyə” İctimai Birliyinin idarə heyətinin üzvü Rəfail İncəyurd çıxış edərək ziyalılıq məsuliyyətindən danışdı. İsmayıl Şıxlının əsl ziyalı simvolu olduğunu bildirdi.

Sonra, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı Qazax Ziyalılar Klubunun fəaliyyətindən və İsmayıl Şıxlı yaradıcılığından geniş danışdı

Tədbirdə iştirak edən xanımlardan ilk olaraq söz filologiya üzrə fəlsəfə doktoru Natavan Dəmirçioğluna verildi. İndiyə qədər də bu mövzuda geniş çıxışları olan Natavan Dəmirçioğlu çox geniş və əhatəli formada İsmayıl Şıxlı yaradıcılığı və şəxsiyyəti barədə danışdı. İsmayıl Şıxlının ictimai fəaliyyətindən də bəhs edən Natavan Dəmirçioğlu xalq yazıçısını “həm də yazmamağı bacaran, yazmayaraq da yazıçı ola bilən yazıçı” adlandırdı.

Söz publisist Səbinə Yusifə verildi. Səbinə Yusif AYB Qazax Zona filialının sədri Barat Vüsalın məşhur “İsmayıl Şıxlını mən hardan alım?” şeirini söylədi.

Aşıq Dərya saz ifası ilə çıxış edərək, Qazax Ziyalılar Klubunun idarə heyətinin üzvü Tural İrfanın İsmayıl Şıxlıya həsr etdiyi şeiri söylədi. İfa çox böyük maraqla qarşılandı.
İfadan sonra Tural İrfan müəllifi olduğu şeirin davamını və İsmayıl Şıxlının imperiyaya qarşı sərgilədiyi mövqedən danışdı.

Tədbirin aparıcısı Sərxan Carçının bildirdiyinə görə yubileyə üzrlü səbəbdən gələ bilməyən, salamlarını göndərən bir çox insan var idi. Sərxan Carçı hamısının salamını tədbir iştirakçılarına söyləyərək Bakı Dövlət Universitetinin Qazax Filialının kafedra müdiri, professor Hüseyn Xəlilovun tədbir üçün yazdığı mətni oxudu.

Söz Qazaxdan tədbirə gəlmiş Göyəzən qəzetinin baş redaktoru Elçin İsmayıla verildi. Elçin İsmayıl tədbir təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək təəssüratlarını bölüşdü.

Sonra tədbir iştirakçılarından Pərvanə Mikayılova, şairə Svetlana Zeynalova, jurnalist Şəhla Hüseynova və Rəsmiyyə Çinay çıxış etdilər.

Gənc kinoşünas Ceyhun Mirzəli, şair Vəli Xramçaylı da öz fikirlərini bildirdilər.

Sonda isə Qazax Ziyalılar Klubunun idarə heyətinin üzvləri Vüqar Dadaşov, Rəşad Mahmud və Tural İrfan öz fikirlərini qonaqlarla bölüşdülər.

Tədbir Elçin Şıxlının son sözü ilə yekunlaşdı.
Ümumi xatirə fotosu çəkildi.