QAT rəsmi Vaşinqtonu ermənipərəstlikdə ittiham etdi

Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ-ın Kolorado ştatında qəbul edilən antiazərbaycan və antitürkiyə qətnaməsinə dair bəyanatla çıxış edib:

Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ-ın Kolorado ştatının nümayəndələr palatasında Azərbaycan və Türkiyəyə qarşı qəbul eidlmiş qərəzli qətnaməni qətiyyətlə pisləyir. Həmin qətnamə müəllifləri heç bir fakta söykənmədən, ermənilərin saxta təbliğatına uyaraq, guya 104 il əvvəl baş vermiş qondarma “erməni soyqırımı”nı pisləyir, üstəlik həmin tarixin olmayan “soyqırımı” qurbanlarının xatirə günü kimi qeyd olunmasını təklif edirlər. Qətnamədə həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində, Dağlıq Qarabağda yardılmış qondarma “Dağlıq Qarabağ respublikası” deyilən rejimin “müstəqillyi”nin tanınması da təklif ounur.

Biz hesab edirik ki, ABŞ-ın ştatlarından birində bu cür rüsvayçı qətnamənin qəbul eidlməsi yolverilməzdir, bütövlükdə ABŞ adminstrasiyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli mövqeyinin göstəricisidir. Ştatın qanunvericilərinin bu qərarı erməni lobbisinin təsiri altında atdıqlarına dair də ciddi şübhələr var. ABŞ adminstrasiyası bu məsələni araşdırmalı və uyğun açıqlamalar verməlidir. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz olmadığı, dəfələrlə ermənipərəst mövqedən çıxış etdiyi məlumdur. Ona görə bir daha bildiririk ki, ABŞ Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalıdır.