QAT Qadınları Şurası Rövnəq Abdullayevin istefasını tələb edir

Qarabağ Azadlıq Təşkilatı (QAT) Qadınlar Şurasının üzvləri SOCAR prezidentinə Şirkətin məmurlarının Qarabağ qazilərinə qarşı kobud hərəkətlərinə görə müraciət məktubu ünvanladı.

Müraciətdə göstərilir:

Biz bir qrup Qarabağ Azadlıq Təşkilatının xanımları Sizə bu məktubu ünvanlamaqla Sizdən şirkətinizin məsul işçilərinin qanuna sığmayan hərəkətlərinə görə cavab verməyinizi istəyirik. Belə ki, dünən 28.09. 2019 –cu il tarixdə Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində baş verən hadisədən xəbəriniz vardır. Bu hadisə xalqın nəinki haqlı narazılığına, hətta qəzəbinə və nifrətinə səbəb olmuşdur. Birincisi, əgər mübahisəli ərazi neft şirkətinin balansındadırsa nəyə görə həmin ərazidə digər tikilmiş evlərə toxunulmayıb? Nəyə görə ev tikiləndə Binəqədi İcra Hakimiyyəti evin təməli qoyulan vaxtdan buna yol veriridi? Ən azından ərazinin SOKAR -a məxsus olduğu haqqında xəbərdarlıq oluna bilməzdimi? Üstəlik də evi kobudcasına sökülən şəxs Qarabağ qazisidir. Biz Sizdən şirkətin prezidenti kimi tələb edirik: evi sökülən zərəçəkmiş şəxsin hüquqları bərpa olunsun, dəymiş maddi və mənəvi ziyan ödənilsin. Mühafizə əməkdaşlarınız törətdikləri qanunsuz, kobud və etikadan kənar hərəkətlərinə görə bütün Qarabağ qazilərindən üzr istəsin. Bir məsələni diqqətinizə çatdırıram ki, həmin qazilər bu torpaq uğrunda, Vətənin azadlığı uğrunda canlarından, qanlarından keçmişlər. Amma Siz və sizin kimi bəzi məmurlar dövlətin bir ovuc torpağını onlara çox görürsünüz. Bu nə haqqa, nə ədalətə, nə də insanlığa sığışmayan hərəkətdir. Siz öz məsuliyyətinizi dərk etməli, məsələyə aydınlıq gətirməklə yanaşı qoluzorluluq edən əməkdaşlarınızı cəzalandırmalı və zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməli və xalqdan üzr istəməlisiniz.

Əgər bunu bacarmırsınızsa İSTEFA verin!

Facebook Comments