QAT Mxitaryanın Bakıya səfərinin əleyhinədir

Qarabağ Azadlıq Təşkilatı (QAT) “Arsenal” futbol klubunun erməni əsilli üzvü Mxitaryanın Bakıda keçiriləcək final oyununda iştirakı ilə bağlı bəyanat qəbul edib.

Sənəddə göstərilir:

“Mxitaryanın Bakıya mümkün gəlişi ilə bağlı ermənilər öz xarakterlərinə uyğun ajiotaj, lüzumsuz hay-küy salmağa çalışırlar. Bundan əvvəl də bu erməni oyunçunun Bakıya 2 dəfə gəlməsi məsələsi gündəmdə olub, hər dəfə də biz bunun əleyhinə olmuşuq, indi də məqsədəuyğun hesab etmirik. Erməni tərəfi bu gün hay-küy salır ki, guya Azərbaycan onun təhlükəsizliyinə təminat vermir və sair. Aydın şəkildə görünən odur ki, ermənilər növbəti dəfə əllərinə düşən fürsətdən istifadə edib anti-Azərbaycan təbliğatı üçün şou düzəltməyə çalışırlar.

Biz bir daha bəyan edirik ki, Mxitaryanın Bakıya gəlişinə etirazımız onun erməni olması ilə deyil, onun anti-Azərbaycan təbliğatı aparması ilə bağlıdır. Mxitaryan Azərbaycan torpaqlarını zəbt edən işğalçı Ermənistanın Azərabycan torpaqlarında yaratdığı qondarma və separatçı rejimi təbliğ etməklə, 2 dəfə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər etməklə, erməni quldur dəstələrinin dinc azərbaycanlıları qətlə yetirməsini “qəhrəmanlıq” kimi təşviq etməklə özünü Azərbaycan qanunlarına, ümumbəşəri dəyərlərə qarşı qoymuşdur. Əl-Qaidə, İŞİD “qəhrəmanları”nı təbliğ edənlərə, Dağlıq Qarabağdakı Monte Melkonyan kimi erməni qatillərini “qəhrəman” hesab edənlərin arasında heç bir fərq yoxdur.

Ona görə də, hesab edirik ki, Azərbaycanın müvafiq hüquq mühafizə orqanları Mxitaryanın Bakıya gəlişinin mümkünsüzlüyü ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoymalıdır. “Arsenal” komandası da, futbol ictimaiyyəti də , terror, işğal cinayətlərini qınayan dünya birliyi də Azərbaycanın mövqeyinə hörmətlə yanaşmalıdır. Azərbaycanda “Arsenal”ın kifayət qədər tərəfdarı var və inanırıq ki, “Arsenal” Mxitaryansız da uğurlu oyun göstərə bilər.