QAT koronavirus və Qarabağla bağlı Prezidentə müraciət etdi

Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin bu gün onlayn qaydada iclası keçirilib.

Sozcu.az xəbər verir ki, iclas dövlət himninin birlikdə oxunuşu və şəhidlərin xatirəsinin yad olunması ilə başlayıb. İlk olaraq təşkilati məsələlərə baxılıb, Hacı Fərman Məmmədov və İradə Əliyeva Ali Məclisə, Ramiz İbayev İdarə Heyətinə üzv seçiliblər. QAT Ali Məclisinin sədri Barat Abbasoğlu iclası açaraq gündəlikdə dayanan məsələləri təqdim edib. Sonra QAT sədri Akif Nağı son iclasdan sonrakı 3 ay ərzində qərarların icrası və görülmüş işlərlə bağlı məlumat verib, hazırkı vəziyyət və təşkilatın vəzifələri ilə bağlı məruzə edib. Məruzə ətrafında Barat Abbasoğlu, Hacı Hacağa Nuri, Hacı Fərman Məmmədov, Nəriman Mirzəli (Kəlbəcər şöbəsinin sədri), Hacı Əkbər Rüstəmov, Bəşir Hacıyev (Xaçmaz şöbəsinin sədri), Elxan Rəhimli (Şəki şöbəsinin sədri), Arzu İsmayılov (Gəncə şöbəsinin sədri), Səyyarə İsmayılova (Naftalan şöbəsinin sədri), İlham Xəlilov (Samux şöbəsinin sədri), Babək Sadıqov (Tərtər şöbəsinin sədri), Qara Musayev (Yevlax şöbəsinin sədri), Nəriman Pirəliyev (Qusar şöbəsinin sədri), Məhəmmədəli Quliyev (Sumqayıt şöbəsinin sədri), Mürsəl Həsənov, Svetlana Şamil, Solmaz Şirvanlı (Şamaxı şöbəsinin sədri), Sahib Musayev, Ramiz İbayev, Rəhman Cəfərov, Rafiq Quliyev və digərləri çıxış edərək təkliflərini veriblər. Müzakirələrə uyğun olaraq qərarlar qəbul olunub.

İclas iştirakçıları həmçinin koronavirus təhlükəsi və Qarabağla bağlı Prezident İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə göstərilir: Koronavirus pandemiyası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirləri müsbət qarşılayır və təqdir edirik. Bu bəladan hamının birlikdə çalışması, müəyyən edilmiş qaydalara hamının əməl etməsi ilə xilas ola bilərik. Dövlət qurumları təhlükə ilə bağlı müəyyən edilmiş qaydalara ciddi şəkildə riayət etməli, daha ciddi nəzarət tətbiq olunmalıdır. Dövlət rəhbərliyi tərəfindən gərəkli tədbirlər həyata keçirilir. Eyni zamanda ictimai təşkilat olaraq bəzi təklifləri verməyi də özümüzə borc bilirik:

1. Əhalinin bütün təbəqələrinin lazımi mühafizə ləvazimatları, təhlükəsizlik maskaları, tibbi spirt, əlcəklər, əlavə dezinfeksiya materialları ilə təmin olunması təşkil edilməlidir.

2. Yaşayış, iş yerlərinin, nəqliyyatın, parkların, məhəllələrin və digər yerlərin dezinfeksiyası daha səmərəli təşkil olunmalı, bu işlər üçün lazımi vəsait ayrılmalı və ciddi nəzarətə götürülməlidir.

3. Əhalinin evlərini tərk etməsinin qarşısını almaq üçün sərt cəza tədbirləri tətbiq olunmalıdır.
4. İşini dayandırıb evdə qalmalı olan hər kəs maddi cəhətdən təmin olunmalı, uşaqlar da daxil olmaqla hər kəsə aylıq minimum 100 manat olmaqla pul vəsaiti ödənilməlidir.
5. Bankların kredit ödəmələri dayandırılmalı, həmin vəsaitlər banklara dövlət tərəfindən ödənilməlidir.

6. Əhalinin kommunal xidmətə görə ödəmələri dayandırılmalı, dövlət kommunal borcların ödənilməsini öz üzərinə götürməlidir. Əhaliyə işıq, su, qaz xərcləri üçün adambaşına müəyyən məbləğdə yardım göstərilməlidir.

7. Səhiyyə nazirliyinin işi yarıtmaz hesab olunmalı, kadr dəyişiklikləri edilməli, bu qurum mobil və səmərəli işləyən orqana çevrilməlidir.

8. Koronavirus bəlası ilə bağlı Qarabağ məsələsinin arxa plana keçirilməsinə yol verilməməli, dünyada yaranmış yeni münasibətlər sistemindən Qarabağın azadlığı üçün səmərəli istifadə olunmalıdır.

9. Ermənistanın Dağlıq Qarabağda martın 31-də keçirmək istədiyi qondarma “seçkilər”in qarşısının alınması üçün beynəlxalq təşkilatların qarşısında sərt tələb qoyulmalıdır.

10. Ermənistanın işğal etdiyi ərazilərimizdəki hərbi obyektlərinə və digər infrastrukturlarına davamlı raket zərbələri endirilməlidir.

11. Azərbaycan erməni virusunun xaraba qoyduğu Dağlıq Qarabağ və digər işğal olumnuş ərazilərimizə koronavirusun da öldürücü zərbə vurmasına imkan verməməli, torpaqlarımıza sahib çıxmalı, bunun üçün geniş hərbi əməliyyatlara başlamalıdır.

Facebook Comments