Qarın ağrısının yeni SƏBƏBİ

Qarın ağrısı deyəndə səbəb kimi daha çox mədə, bağırsaqlarda yaranan pozuntular, böyrək daşı, cinsiyyət orqanlarının problemləri və s. ağla gəlir. Amma mütəxəssislər hesab edir ki, qarın ağrının səbəbləri tək qeyd olunan orqanlarda yaranan problemlər deyil. Artıq qarın ağrısının yeni səbəbi ortaya çıxıb.

Sozcu.az e-tibb.az-a istinadən bildirir ki, kardioloqlar son zamanlar ürəkdə yaranan problemlərin də qarın ağrısı ilə özünü büruzə verdiyini vurğulayırlar.

Qeyd olunur ki, son zamanlar ürək xəstələrinin, infarkt keçirənlərin təxminən hər 100 nəfərindən 10-u qarın ağrısı şikayəti ilə həkimlərə müraciət edir. İndiyə kimi infarktın əsas əlaməti kimi sinədə yaranan ağrılar əsas götürülsə də, indi bu yanaşma dəyişib.

Son zamanlar məlum olur ki, ürək tutması keçirən şəxslərin heç də hamısında sinə ağrısı müşahidə olunmur. Ürək tutması qarın ağrısı ilə də ortaya çıxa bilər.

Ona görə də qarında yaranan ağrılara etinasız, adi yanaşmaq olmaz. Əgər ağrı çox uzun davam edirsə və getdikcə şiddətlənirsə, qətiyyən dərman qəbul etmək olmaz.

Bu halın ən çox da qadınlarda müşahidə olunduğunu açıqlayan həkimlər bildirir ki, mədədə, qarının üst hissəsində ağrılar varsa, bununla yanaşı soyuq tərləmə, halsızlıq yaranırsa, yeriyən zaman qarında ağrı artırsa, ürək problemindən şübhələnməyə dəyər.

Ağrı 4-5 saat ərzində keçmirsə, mütləq həkimə müraciət etməlidirlər.

Bundan başqa, o da qeyd olunur ki, ağciyər iltihabı zamanı da qarında ağrının yaranması mümkündür.