Qaradağın icra başçısı Qarabağ şəhidləri adına olan məscidin ərazisini zəbt edib – FOTO+ VİDEO

Dövlət başçısı İlham Əliyev 2000-ci ildə Qaradağ rayonundan millət vəkili olarkən onun təşəbbüsü ilə həmin rayonda Ümid qəsəbəsi salınıb. Həmin qəsəbədə imkanlı bir şəxsin hesabına Qarabağ şəhidlərinin adına tikilmiş məscidin 144 sot torpaq ərazisi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun göstərişi ilə zəbt olunmaq üzrədir.

Sozcu.az xəbər verir ki, bu haqda Azerbaycanrealligi.com-a Ümid qəsəbəsinin dini icmasının sədri Hacı Ramin Həsənli məlumat verib. Onun sözlərinə görə bu icma 2009-cu ildən rəsmi qediyyatdan keçib. Hacı Ramin Həsənli bildirib: “Hal-hazırda da mən həmin icmanın sədriyəm. 2012-ci ildə bələdiyyə sədri gəlib məscidin eskiz layihəsini verdi. 120 metrin 120 metrə. Bu da 144 sot torpaq sahəsi deməkdir. Ondan sonra bizə məscidin ərazisinin hasarlanmasına icazə verildi. Biz də məscidi hasarladıq. Bizim eskiz layihəsində də torpaq ərazisi göstərilib. Rayon arxitektura şöbəsi də bunu təsdiq edib.

Bir neçə gün bundan öncə bizə bildirdilər ki, rayon icra başçısı qəsəbədən keçərkən bizim məscidin torpaq sahəsini görüb deyib ki, bu qədər torpaq sahəsi bu məscid üçün çoxdur. Heç bir sənəd, məhkəmə qərarı olmadan dünən başçınının müavini Nadir müəllim və arxitektor Namiq müəllim gəlib fəhlələr vasitəsi ilə məscidin ərazisini sökdülər. Məscidə isə çox cüzi bir ərazi saxlayıblar. 100 sotdan artıq ərazini zəbt edib məscidə 14-15 sot torpaq ərazisi saxlayıblar. Bu məscid cənab prezident İlham Əliyev Qaradağ rayonundan deputat olarkən tikilib. Hətta mənim yadıma gəlir ki, Ulu Öndər Heydər Əliyev, Şeyxulislam Allahşukur Paşazadə bu qəsəbənin açılışına təşrif buyurmuşdular. Bu qəsəbə bizim indiki prezidentin birbaşa göstərişi ilə salınmış qəsəbədir. Məscid Qarabağ şəhidlərinin adınadır. İndi bu məscidi heç bir sənəd göstərmədən zəbt edirlər. Bu məscid hal-hazırda həm də Qafqaz Müsəlmanları İdarəsinin balansındadır. Amma Qafqaz Müsəlmanları İdarəsinin baş vermiş xoşagəlməz haldan heç bir məlumatı yoxdur. Mən onlara müraciət etdim, orucluq ayı ilə əlaqədar məclislərlə bağlı başları qarışıq idi. Onlar da təəccüb qaldılar ki, niyə onlara məlumat verməmiş gəlib məscidin torpağını mənimsəyiblər. İndi də fəhlə göndəriblər, gördüyünüz kimi fəhlələr işləyir. Heç bir sənəd, əsas olmadan ərazini 3 dəfə kiçildiblər. Məscidin ətrafına özlərindən bir çəpər çəkiblər”.

“Məscidin zəbt olunmuş 100 sotdan artıq ərazisi hansı məqsədlə zəbt olunur?” – sualına isə Hacı Ramin Həsənli belə cavab verdi: “Camaat arasında belə bir söz-söhbət gəzir ki, burada bazar olacaq. Bazar tikmək istəyirlər, çünki burada gördüyünüz kimi yeni bunalar tikilibdir, həmin binalarla üz-üzə ən münbit bir şərait buradadır. Bu da rəsmi deyil, amma camaat arasında belə bir söhbət gəzir ki, burada bazar olacaq”.

Hacı Ramin Həsənli Qaradağ rayon Ümid qəsəbəsinin dini icma sədri olaraq bəzi qurumlardan ona kömək olunmasını xahiş edib. “Mən üzümü tuturam cənab prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Ümid qəsəbənin bütün mömünləri adından bu əziz Ramazan ayında onlardan xahiş edirəm ki, bizim bu haqlı tələbimizə cavab verərək bu haqsızlığa, icra başçısı Süleyman Mikayılovun haqsız qərarına son qoysunlar. Bizim haqlı tələbimizi qəbul edib ən azı bu Mübarək Ramazan ayında biz dindarların qəlbini incitməsinlər. Bu gündən də Qədr gecələri başlayır. İnsanlar çox narahatdırlar, onları biz sakitləşdirmişik ki, bu məsələ dövlət səviyyəsində həll olunur, heç bir narahatçılıq, ixtişaş olmadan öz həllini tapacağına ümüd edirik. Buna görə də hər ikisindən – həm ölkə başçısı İlham Əliyevdən, həm Mehriban xanımdan bizə kömək etmələrini xahiş edirəm”, – deyə sonda Qaradağ rayonu Ümüd qəsəbəsinin dini icmasının sədri Hacı Ramin Həsənli bildirib.