“Qarabağda vəziyyət gərginləşir”

“Paşinyanın öz adamını seçki yolu ilə Dağlıq Qarabağda hakimiyyətə gətirməsi mümkün olmayacaq”.
Sozcu.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağın separatçı rejimi arasında qarşıdurmanın güclənməsini şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın öz adamını Dağlıq Qarabağdakı separatçı rejimin başına gətirməsi imkan xaricindədir:

“Bildiyiniz kimi, separatçıların indiki rəhbəri Bako Saakyan öz postunda qalmaq niyyətində olmadığını bəyan edib. Onun yerinə çox sayda namizədlər ortaya çıxıb. Həmin namizədlərdən biri də Paşinyanın adamıdır.

Bir çoxları belə hesab edirlər ki, Paşinyan təsir imkanından istifadə edərək, öz namizədini Saakyanın yerinə əyləşdirə biləcək. Ancaq vəziyyət göstərir ki, bu çox çətin, hətta mümkünsüzdür. Çünki işğalçı ölkənin eks-prezidenti Robert Köçəryanın həbs edilməsindən sonra, Ermənistan və Dağlıq Qarabağ erməniləri arasında böyük bir uçurum yaranıb. Dağlıq Qarabağda Paşinyana nifrət çox yüksək həddədir, onu didməyə də hazırdırlar.

Bu nöqteyi-nəzərdən, Paşinyanın adamının Dağlıq Qarabağ ermənilərini yönəltmək imkanı qazanacağı real deyil. Paşinyanın dəstəklədiyi şəxsin Xankəndində hakimiyyəti götürə bilməməsi isə Ermənistan və Dağlıq Qarabağ ermənilərinin münasibətlərini daha da kəskinləşdirəcək.

Ancaq bunun tərəflər arasında açıq münaqişəyə çevrilməsi ehtimalının çox olmadığını düşünürəm”.