Qarabağ qazisi Şuşanın azad edilməsindən danışdı: “Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik”

“Şuşaya kanatla qalxdıq, döyüş əmrindən öncə yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər Şuşaya yaxınlaşmalı, o dağı, sıldırımı dırmaşmalı idi. Bıçaq, tapança, qumbara ilə döyüşə gedirdik. Bizi nə gözləyir bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik”.

Sozcu.az xəbər verir ki, bu barədə Vətən Müharibəsinin iştirakçısı, qazi Alik Məmmədov bildirib.

O Şuşanın azad edilməsi əməliyyatının özəlliklərindən danışıb:

“Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı buradakından azı üç dəfə çox idi. Çünki onlar bizim oradan, yollardan hücum edəcəyimizi güman edirdilər. Sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın (XTQ komandanı Hikmət Mirzəyev nəzərdə tutulur) düzgün döyüş tapşırığı və kordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dəqiqliyi ilə ölçülüb biçilmişdi”.

Qazi bildirib ki, onlar qayaları dırmaşaraq düşmənlə əlbəyaxa döyüşüə giriblər:

“Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxminən 40-a yaxın erməniyə bıçaq salıb çıxartmışam həmin hücum anı. Hər öldürdüyüm ermənini Mübariz və Polad deyib məhv eləmişəm. Onların arasına düşən təşviş belə generalımız tərəfindən hesablanmışdı. Panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq”.

A.Məmmədov deyib ki, ermənilər həyəcan və qorxudan özlərinə atəş açıblar:

“Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan ermənini digər erməni vururdu. Çünki onların formasında belə biz ola bilərdik. Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah sursat və canlı qüvvə ilə təmin eləmişdilər. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. Hətta videolar da yayılıb”.

Facebook Comments