“Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi bəyanat yayıb

“Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi siyasi mövqeyinə görə həbs edilən Qarabağ qazilərinə verilən işgəncələrlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

Artıq 27 ildir ki, Azərbaycan torpaqlarının bir hissəsi erməni quldurlarının işğalı altındadır. Hər gün Azərbaycan dövləti erməni quldurları tərəfindən aşağılanır və təhdid edilir. Ordumuzun əsgər və zabitləri qeyri-döyüş şəraitində şəhid edilir. Hər gün şəhid xəbərləri eşidirik.

Azərbaycan hakimiyyəti ermənilərin etdiklərinə səbr və dözüm nümayiş etdirsə də, hakimiyyətə müxalif olan insanlara, əsasən də Qarabağ qazilərinə qarşı düşmən münasibət sərgiləyir. Bədənində güllə yarası olan qazilərimizə qarşı baş verən işgəncə faktları göstərir ki, dövlət qurumlarında və cəzaçəkmə məntəqələrində vətənin müdafiəsində dayanaraq, erməniyə güllə atan insanlara qarşı  xüsusi nifrəti olan kifayət qədər şəxsə vəzifə verilibdir.

AXCP Nərimanov şöbəsinin sədri, Qarabağ qazisi Babək Həsənovla bağlı xəbərlər bizi üzür. Babək Həsənovun qanunsuz olaraq həbs edilməsindən sonra ona qaşı baş verən dəhşətli işgəncə faktları, bədənində olan güllə yaralarına elektrik cərəyanının verilməsi, vətən anlayışından xəbərsiz, kimlərin nəyinin nəyi olduqları bəlli olmayan şəxslər tərəfindən döyülərək aşağılanması xəbərləri sosial şəbəkələrdə və ölkə mətbuatında kifayyət qədər yayımlansa da, ölkə rəhbərinin bu dəhşətli hadisəyə biganə qalması bizləri naraha edir.

6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkan Qarabağ qazisi Babək Həsənov qeyri-insanı rəftara görə aclıq aksiyasına başlayıb. Məhbusların Babək Həsənovla ünsiyyət qurmasına icazə verilmir. Babək Həsənovla ünsiyyət qurmağı qadağan edən cəzacəkmə müəssəsinin rəhbərliyinə etiraz edən Əhsən Nuruzadə adlı məhbus karsa salınıb.

“Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi hakimiyyətdən Qazilərimizə qarşı aparılan  düşmən münasibətə son qoymağı tələb edir!

Ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasının prezidenti vəzifəsini daşımaqla bərabər, Ali Baş Komandan statusuna da sahiblənibsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, şəhid ailələrinin, Qarabağ qazilərinin yanında durmaq həm mənəvi həm də vəzifə borcu olduğunu unutmamalıdır.!

“Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birlyi həbsxanada günasız cəza çəkən məhbusların – Qarabağ qaziləri Babək Həsənovun, Əfqan Muxtarlının, Saleh Rüstəmlinin və həbsdə olan digər qazilərimizin təcili olaraq  azad edilməsini, onlara qarşı həyata keçirilən qanunsuz əməllərin araşdırılmasını və günahkarların qanun qarşısına çıxarılaraq cəzalandırılmasını tələb edir!