Qarabağ general qubernatorluğunun yaradılmasından 100 il keçir

Qarabağ general-qubernatorluğu ( 1919, 15 yanvar – 1920, 28 aprel) — AXC dövründə ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiaları nəticəsində məcburiyyət qarşısında Qarabağda yaradılmış müvəqqəti inzibatı idarəçilik rejimi idi. Azərbaycan XC hökuməti 1919-cu ilin yanvarın 15-də Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarında müvəqqəti general-qubernatorluq vəzifəsi təsis edilməsi haqqında qərar çıxardı. Xosrovpaşa bəy Sultanov Qarabağ general-qubernatoru təyin edildi.

Qarabağ general-qubernatorluğu mürəkkəb şəraitdə regionda əmin-amanlığın qorunub saxlanılmasında mühüm rol oynadı. İyunun 5-də erməni milli şurasının qatı irticaçı üzvləri ingilis komandanlığı nümayəndəsinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildi. İyunun 6-da Azərbaycan batalyonu Şuşanın ermənilər yaşayan hissəsindəki hərbi kazarmalarda yerləşdirildi. Burada keçirilən mitinqdə ermənilər Azərbaycan hökümətini tanıdıqlarını bildirdilər. Baş nazir Nəsib bəy Yusifbəyli, Gəncə qubernatoru Xudadat bəy Rəfibəyli və hərbi nazir Səməd bəy Mehmandarovun Şuşaya səfəri və orada görülən tədbirlər general-qubernatorluğun nüfuzunu artırmışdı. Avqustun 15-də ermənilər Azərbaycan höküməti ilə saziş imzaladılar və ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər. Sentyabrın 29-da general-qubernatorluğun sərəncamı ilə Qarabağın erməni müəllimlərinə yardım kimi paylamaq üçün 1 milyon manat pul ayrılmışdı.

1919-cu il noyabrın əvvəlində hökümət rəhbərliyi burada vəziyyətin yenidən gərginləşməsindən ehtiyatlanaraq öz vətəndaşlarını qorumaq məqsədilə Qarabağ general-qubernatorluğuna kiçik qoşun dəstəsi göndərdi. Ermənistan höküməti isə pozuculuq işlərini davam etdirirdi.Onlar AXC ilə bağlanmış sazişi pozaraq dekabrın 8-də Zəngəzura qoşun yeritdi. 1919-cu ilin axırlarında Ermənistan hökuməti “Dağlıq Qarabağın azad edilməsi” üçün 19 milyon pul ayırmışdı. 1920-ci il martın 22-23-də Ermənistan milli şurasının iştirakı və Moskvanın sifarişi ilə Dağlıq Qarabağda məskunlaşan ermənilər yerli Azərbaycan xalqına qarşı qiyam qaldırdı. AXC hökuməti isə məcburən ölkənin digər sərhədlərini qoruyan qoşunları, hərbi hissələri dərhal bu qiyamı yatırtmaq üçün Qarabağa göndərdi. Bunun nəticəsində də, şimal sərhədlərimiz müdafiəsiz qaldı və Denikinə Şimalı Qafqazda qalıb gələn XI Qızıl ordu Azərbaycan sərhəddini asanlıqla keçdi. Aprel işğalı nəticəsində AXC süquta uğradı və Qarabağ general-qubernatorluğunun da fəaliyyətinə son qoyuldu.

Facebook Comments