“Qərb hər şeyi ağ-qara rəngdə görən müxalifətlə işləmək istəmir” -Nahid Cəfərov

Nahid Cəfərov

Qərbin Azərbaycan müxalifətinə yanaşması fərqlidir. Ölkədə bütün siyasi təşkilatlar içində (Oyan daxil) Qərb üçün yeganə legitim təşkilat ReAl partiyasıdır. Məhz bu səbəbdən də təşkil olunan tədbirlərin qonşuluğunda yaşasaq da, bu tədbirlərə dəvət olunmuruq və ölkədəki siyasi proseslərlə bağlı məsələlər haqqında bizim fikrimiz soruşulmur. Bunun bir neçə səbəbi var.

1. Qərbin danışıq dili fərqlidir. Qərb hər şeyi ağ-qara rəngdə görən, işi-gücü yalnız tənqid etməkdən ibarət olan müxalifətlə işləmək istəmir. Belə muxalifət qərb üçün konstruktiv müxalifət deyil. Qərb siyasətçilirinin məqsədi gəlib sənin daxili problemini həll etmək deyil. Onlara lazım olan odur ki, qarşılarına qoyduqları layihələr həyata keçir. Yəni, onlardan ədalət gözləmək mənasızdır.
Sən onlara “bizdə hər şey pisdir, hakimiyyət belə edir, elə edir” deyəndə, Qərb düşünür ki, sən problemin həllinə çalışmırsan, onun daha da dərinləşməsi üçün problemi tirajlamaqla məşqulsan. Qərb siyasətçiləri belə şeydən qaçır.

2. ReAl-dan başqa Azərbaycanda qurulan demək olar ki, heç bir siyasi partiya yetkililərinin xarici (ingilis) dil bilgiləri yoxdur. Xarici dili bilmirlər. Bu yaxınlarda mənə Gülağa Aslanlı tərəfindən imzalanmış Musavatın ingilis dilində olan bəyanatını göndərdilər ki, onu beynəlxalq təşkilatlara göndərim, utandığımdan göndərə bilmədim. Yəni, bir partiya 25 il ərzində ingilis dilində normal yaza bilən birini tapa bilməyibsə, bunlardan nə gözləmək olar kimi yanaşır.

3. Heç bir partiyanın, o cümlədən də ReAlın Azərbaycan daxilində sosial bazası yoxdur. Seçim qarşısında qalanda, ReAl partiyası ilə işləmək onlar üçün daha məqsədəuyğundur.

4. ReAl islahatlar yolu ilə sistemin dəyişilməsinə çalışır ki, bu da Qərb üçün ən ideal seçimdir.

5. Ən əsasını unutmuşdum. Klassik müxalifət partiyalarının adı Qərbdə sənəd satmaqla bağlı hallanır. Bu müxalifət partiyalarının işi-gücü xaricə saxta miqrant göndərib bizim vətəndaşlarımızın vergi pullarını xərclətməkdən ibarətdir.

Qərb diplomatları ilə görüşəndə hakimiyyətin atdığı müsbət addımları dilə gətirmək normaldır və bəzən də vacib olur ki, Qərb səni qərəzli olmaqda ittiham etməsin. Burada faciə və ya xəyanət axtarmağa, məncə, gərək yoxdur.

Gələk Oyana.

Oyan inqilab istəyir. İnqilab bütün sistemin və quruluşun kökündən dəyişilməsidir. Oyanı heç bir qərb təşkilatı legitim qəbul etmir, çünki Oyanın istədikləri ilə onların istədikləri arasında ciddi ziddiyyət var. Bu yanaşma o zaman dəyişər ki, Oyan Hərəkatı ölkə daxilində ciddi bir təşkilata çevrilsin və xalqı ideyalarının arxasınca apara bilsin. Bizim də digər təşkilatlar kimi sosial bazamız yoxdur. Sosial bazamız olandan sonra müvafiq beynəlxalq təşkilatlar sıra ilə qapımızı döyəcəklər. Bu bir siyasi reallıqdır və biz bu reallığı yaratmağa çalışırıq.

Sozcu.az