Qəbul imtahanı: “Hazırlıqda belə mövzular keçməmişik”-Video

Qəbul imtahanı: “Hazırlıqda belə mövzular keçməmişik”

Həyəcan, nigaranlıq, qorxu hissləri bir-birinə qarışıb. İllərin zəhməti imtahan edilir.

“Ondan həyəcanlı mənəm. Heç məni qoymurdu gəlim. Dedim ki, yox, babanam da. Qoy, gəlim, dayanım. Deyir ki, o yanda qal, mən həyəcanlı ola bilərəm,”- nəvəsinin imtahandan çıxmasını gözləyən Söhrab Əzizov deyir.

Bu gün – mayın 12-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. DİM imtahanda 32173 abituriyentin iştirakının nəzərdə tutulduğunu deyib.

“Yoldaşım da, mən də çox əziyyət çəkmişik. İki uşaq göndərmişik hazırlığa. Allah əməyimizi itirməsin,”-imtahan binasının önündə oğulları üçün dua edən Kəmalə Hüseynova danışır.

İmtahan üçün verilən 3 saatlıq vaxt yekunlaşır. Valideynlər gözünü qapıya dikib. Binadan çıxan abituriyentlər isə gileyli görünürlər.

2019-cu ildən Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının modelini dəyişib. İmtahan sualları açıq, qapalı və situasiya əsasında həll edilən tapşırıqlara bölünür.

“Situasiyaya bağlı məsələləri həll edə bilmədik. Birinci dəfədir görürdüm. Hazırlıqlarda da belə bir şey keçməmişik,”-abituriyent Samir Bağıyev deyir.

Yeni qaydaya görə ali təhsil müəssisələrinə qəbul iki hissəli aparılır. Yekun bal orta məktəblərdən buraxılış (300) və ali məktəblərə qəbul (400) imtahanlarının toplamı (700) ilə hesablanır.(Meydan tv)

Sozcu.az