Qəbələdə evi yanan ailə: 20 gündür soyuq çadırda yaşayırıq-Fotolar

Ağdam köçkünü olan ailə 3 həftədir ki, həyatla mücadilə aparır

“Bir də yuxudan ayıldıq ki, alovun içindəyik… Birtəhər canımızı çölə ata bildik. 4 otaq külə döndü. İçərisindəki əşyalar, sənədlərimiz – hamısı yandı… Həyətdəki 150 toyuq-cücə də tələf oldu”.

Qəbələnin Nij qəsəbəsinin yaxınlığındakı keçmiş mal-qara fermasında köçkün ailəsinin məskunlaşdığı fin tipli, taxta konstruksiyalı ev yandığından ailə çadıra yerləşdirilib. 20 gündür ki, iki uşaq və ailənin digər dörd üzvü soyuq çadırda yaşayır. Ailə başçısı Zabil Əliyev Meydan TV-yə danışır ki, 1993-cü ildə Ağdamdan köçkün düşəndən buraya sığınıblar. Azı əlli yaşı olan taxta ev bu il martın 26-da səhərə yaxın alışıb. Səbəb evin üzərindən hörümçək toru kimi sallanan qəzalı elektrik naqillərindəki qısaqapanma olub.

“Dedilər, qalan şeylər bizlik deyil”

Ev sahibinin sözlərinə görə, yanğından sonra Fövqəladə Hallar Nazirliyi onlara çadır qurub:

“Fövqəladə Hallar Nazirliyinin işçiləri çadır qurdular, icra hakimiyyətinin işçiləri isə uşaq bağçasından 4 sınıq-salxaq çarpayı, bir köhnə döşək gətirib verdilər. Dedilər, qalan şeylər bizlik deyil”.

Evin yerləşdiyi ferma Nijdən 4, rayon mərkəzindən 11 kilometr aralıda yerləşir.

“Yanğınsöndürənlər yetişincə, köz qalmışdı”

Zabil Əliyevin sözlərinə görə, yanğınsöndürənlər gəlincə, evin külü qalıb:

“Taxta ev idi, alışdı, yana-yana getdi… Yanğınsöndürənlər gəlib közünü söndürdülər. Bircə çöp də çıxara bilmədik. Əynimizdəki paltarları qonşular verdi. Soyuqdan donmuşduq. Səhər icra hakimiyyətinə getdim. Birinci müavin Arif müəllim qəbul elədi, məni dinlədi, dedi, hələlik sizi çadıra yerləşdirək, sonra hər cür köməklik olunacaq. İcra hakimiyyəti bizə yalnız həmin gün ac qalmayaq deyə, kolbasa-çörəklə kömək elədi. Sonra gətirib çadır qurdular, içində heç nə yox idi. Qonşular bir-iki yorğan-döşək, yastıqla kömək elədilər. İcra hakimiyyətinin işçiləri də bir uşaq bağçasından köhnə çarpayılar gətirib verdilər”.

“Uşaqlar dərsə getmir, məktəbdən maraqlanan da yoxdur”

Zabil Əliyev deyir, nəvələrindən biri 4, digəri 5-ci sinifdə oxuyur. Hər ikisi xəstədir, dövlət hesabına dərman preparatlarıyla təmin olunurlar. İndi xəstə uşaqlar soyuq çadırda ölüm-dirim savaşı aparırlar:

“Məktəbə getmirlər. Necə göndərim? Hər şeyləri yanıb. Bütün kənd başımıza gələni bilir. Məktəb də bilir. Ən pisi odur ki, müəllimləri bircə dəfə də olsun gəlib bu uşaqlarla maraqlanmayıb. Yəni, gəlmək vəzifə borcları deyil, ancaq uşaqlara böyük mənəvi dəstək olardı. Bircə dəfə gəlib çadırdan boylanıb demədilər ki, ay uşaqlar, necəsiz, ölmüsüz, qalmısız?”.

Ürək əməliyyatı üçün kredit götürdüyü pul da yanıb

Zabil Əliyevin 65 yaşı var. Pensiya kartı ilə banklardan birindən 2 min manat kredit götürüb ki, İrana ürək əməliyyatına getsin. O pul da yanıb…

Zabil Əliyev deyir, hadisədən sonra “Qaçqınkom”un nümayəndələri gəlib, yanan evə baxış keçiriblər, bəzi qeydlər aparıblar, ona bildiriblər ki, tezliklə burada ailə üçün yeni ev tikiləcək:

“Onlar da o gedən getdilər. Hamı getdi, bir daha gəlmədi… İcra hakimiyyəti getdi, “Qaçqınkom” getdi, Fövqəladə Hallar Nazirliyi getdi… Elə bil bu qurumlar təskinlik vermək üçün fəaliyyət göstərir. Gəlirlər, təsəlli verib yola çıxırlar. Gedirəm icra hakimiyyətinə, deyirlər, bizlik deyil, sənə ev tikmək Fövqəladə Hallar Nazirliyinin işidir. Fövqəladə Hallar Nazirliyində bu işə baxan kimdir, kimin yanına gedək, bilmirik. “Qaçqınkom” ümumiyyətlə, yaxın durmur”.

Rəsmi qurum deyir ki…

Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, köçkün ailəsinin məskunlaşdığı ev yandığı üçün ailəyə evi Fövqəladə Hallar Nazirliyi tikməlidir. Ya da ailəyə “Qaçqınkom” sahib çıxmalı, köçkünlər üçün tikilən evlərdən bu ailəyə də verilməlidir: “Biz ailəyə imkanımız daxilində ilkin yardımlarımızı etmişik. Sənədlərə görə rayonun Yanğından Mühafizə Xidmətindən arayış alaraq ASAN Xidmətə təqdim etməlidilər, bu arayş əsasında ailə üzvlərinə yanğın zamanı məhv olmuş sənədlərin yenisi veriləcək.

Meydan TV müxbiri nə FHN, nə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən məsələyə münasibət öyrənə bilməyib.(Meydan tv)

Sozcu.az