“Putin Ərdoğanla görüşə razılıq veribsə, güzəştə gedəcək” – Politoloq detalları açıqladı

“Rusların güzəştli təkliflər olmasaydı, Putin əvvəlki mövqeyində qalaraq Ərdoğanla görüşmək istəməz, belə təmasdan qaçardı”

İdlibdə baş verənlər əslində gözlənilən və proqnoz edilən hadisədir. Biz bundan əvvəl qeyd etmişdik ki, artıq Rusiya-Türkiyə münasibətləri bundan sonra çətinləşəcək. Çünki Suriya və Liviyada Moskva ilə Ankaranın maraqları toqquşmağa başlayıb. Bu hal getdikcə iki ölkə arasında manevr imkanlarını daraldırdı. Nəhayətdə İdlibdə baş verənlər bu manevr sahəsini ortadan qaldırdı və iki dövlət əslində üz-üzə gəlməli oldu.

Sozcu.az xəbər verir ki, Bu fikirləri ötən gecə İdlibdə 33 türk əsgərinin şəhid olması ilə nəticlənən hərbi əməliyyatları Teleqraf.com-a şərh edən politoloq Sülhəddin Əkbər deyib.

Onun fikrincə, Türkiyənin bu addıma görə Rusiyanı günahkar elan etməməsi, elə Rusiyanın özünün də bu hadisələrdə iştirakının olmamasına dair açıqlaması təsadüfi deyil: “Bu yanaşma yaranan gərginliyin bundan o yana keçməməsi, açıq qarşıdurma müstəvisinə gəlməməsi üçündür. Çünki tərəflərdən hər hansı biri həqiqəti söyləyəcəyi təqdirdə buna uyğun addımlar atmalıdır. Bu halda həm öz ölkəsinin, həm də ictimaiyyət qarşısında dediyi sözlərə görə tərəflər məsuliyyət daşıyır. Əslində həm türk, həm də rus tərəfi həqiqətdə nələrin baş verdiyini bilir. Məsələn, bu gün Türkiyə müdafiə naziri Hulusi Akarın açıqlamalarına diqqətlə baxanda görünür ki, İdlibdə 33 türk əsgərinin şəhid olmasının məhz Rusiya tərəfindən edildiyini və bunu da şüurlu şəkildə etdikləri açıq görünür”.

Politoloq qeyd edib ki, bundan sonra Rusiya tərəfi yaşananların nə ilə qurtaracağını, strateji planda necə ağır nəticələrin ola biləcəyini hesablayır:

“Bu günə qədər Rusiya Türkiyəni aid olduğu blokdan özünə tərəf çəkməsi üçün etdiklərini nəzərə alır, eyni zamanda Türkiyənin qərarlılığını, öz müttəfiqləri – ABŞ və NATO ilə intensiv dialoq içərisində olduğunu görür. Və bilir ki, ABŞ, eləcədə NATO-da Türkiyəyə necə yardım edilməsi barədə seçənəcəklər var, bununla bağlı müzakirələr aparılır. Odur ki, Türkiyəni sakitləşdirmək üçün rus dərin dövlətinin siyasi-diplomatik gedişləri edilir. Ruslar Türkiyəni tamamilə itirmək istəmirlər, strateji xarakterli əməkdaşlığın sırdan çıxmasını arzu etmirlər. Çünki bunun ağır nəticələri olacaq.

Aydındır ki, dünyanı idarə edən güclərin strateji planı dəyişməsə, 2021-ci ildən Rusiya məsələsi gündəmə gələcək. Siz, NATO-nun “Avropa-2020”geniş hərbi təlimlərinə diqqət edin. Rusiya bütün bunları bilir. Həmçinin 2020-ci ildə NATO-nun Qara dənizdəki qüvvələrinin və NATO-nun çevik qüvvələrinin komandanlığının Türkiyəyə təklif olunduğundan xəbərdardır. Bura Montro anlaşmasının – boğazların statusunu da əlavə etsək, qısa müddətli perspektivdə Türkiyənin hər iki tərəf üçün strateji əhəmiyyətinin nə dərəcədə əhəmiyyətli olduğu ortaya çıxar”.

Politoloqoun sözlərinə görə, dünən Türkiyənin çox qətiyyətli davranışını Rusiya yaxından müşahidə etdi:

“Onlar bilirlər ki, türk dərin dövləti nələrə qadirdir. Məsələn, dünən Türkiyə Təhlükəsizlik Şurasının 6 saatlıq toplantısı keçirildi. Toplantıda Türkiyə birtərəfli qaydada və qətiyyətli şəkildə cavab vermək haqqında öz qərarlarını qəbul etdi, eyni zamanda müttəfiqləri ilə sıx dialoq içindədirlər. Bütün bunları rus kəşfiyyatı izləyir və hadisələrin bu istiqamətdə inkişaf edib dərinləşməsində Rusiya tərəfi maraqlı deyil. Odur ki, bundan sonrakı dövrdə Rusiyanın Türkiyəyə doğru siyasi-diplomatik reveranslarını görə biləcəyik.

Hələlik Türkiyəni sakitləşdirməyə çalışırlar. Bildiyiniz kimi intiqam məsələsində həmən cavab vermək ciddi məsələlərdən biridir. Bu həm Qərb, həm də Şərq mentalitetində bu cürdür. Və Rusiya Türkiyənin ciddi intiqam almaq yəmini etdiyini də bilir. Həmçinin ruslar anlayır ki, Türkiyənin dünənki hadisələrin arxasında məhz Rusiyanın dayandığını da bilir. Və Rusiyaya zərbələr vurulması haqqında Türkiyənin qərarı olduğundan da rusların xəbəri var. Ona görə də Rusiya hadisələrin bu xöşagəlməz yöndə inkişafında maraqlı deyillər. Məhz bu səbəbdən Rusiya tərəfi həm siyasi-diplomatik reveranslar edəcək, həm də güzəştli təkliflər irəli sürə bilər. Əgər belə güzəştli təkliflər niyyəti olmasaydı, Putin əvvəlki mövqeyində qalaraq, Ərdoğanla görüşmək istəməz, belə təmasdan yayınmaq xəttini tutardı. Necə ki, meydanda hadisələr Rusiyanın istədiyi yöndə gedirdi, Putin martın 5-də nzərdə tutulan nə dördlü, nə də ikili görüşə razılıq vermirdi. İndi nə oldu ki, birdən-birə Rusiya tərəfinin öz təşəbbüsü ilə görüşmək istəyi ortaya çıxdı? Bu onu göstərir ki, artıq Rusiya hadisələrin bundan o yana davam etməsini arzu etmir. Çünki bunun nəticələri Rusiya üçün çox pis olar”.

Facebook Comments