PUTİN “BATKA” İLƏ RAZILIĞA GƏLƏ BİLMİR… –Əsəb müharibəsindən kim qalib çıxacaq? – TƏHLİL

İqar Tışkeviç, Ukrayna Gələcək İnstitutunun eksperti

“Obozrevatel”, Ukrayna

Lukaşenko və Putin arasındakı növbəti danışıqlar heç bir nəticə vermədi. “Həqiqət anı” kimi anons edilən Soçi səfəri elə də oldu. Tərəflər güzəştsiz davrandılar. Belarus Rusiyanın inteqrasiya ilə bağlı tələblərini yerinə yetirmək istəmir. Rusiya isə neft-qaz dəyənəyilə təzyiq edir.

Səfərin özü isə işarətlərlə dolu oldu. Lukaşenko “Putin sıyığı”nı yeməkdən imtina etdi, Rusiyanın yeni Baş nazirinə belarus-rus münasibətlərinin “ötən illərinin zərərləri” haqqında danışdı, nəhayət, mətbuat bəyanatı vermədən Soçini tərk etdi.

Daha sonra, cənab Kozak yeganə nəticəni – Belarusun qaz satınalma şərtlərinin “2019-cu ilin səviyyəsində”, yəni “girişdə” 127 dollar olacağını bəyan etdi.

Bu, bir il öncə faydalı idi. Bu gün, AB bazarında, yəni “girişdə” qazın qiyməti, – istər Belarusdan, istərsə də Ukraynadan gələn qaz olsun, – 137 dollardır. Bu, artıq dünya səviyyəsindən yüksək qiymətdir. Ancaq bu istiqamətdə Belarusun manevr sahəsi, neftdən fərqli olaraq, məhduddur.

Bir sözlə, Belarus yaxın dövr ərzində alternativ neft və digər şeylərlə birlikdə, qaz axtaracaq.

Sonuncu məsələ ilə bağlı ona Litva (artıq xoş niyyətini bəyan edib), Polşa, Türkiyə və Qətər kömək edə bilər. Bununla birlikdə, Polşa və Litvadan bəhs edərkən, yenə də “ABŞ-ın kölgəsi” ortaya çıxır. Çünki bu ölkələr öz LNG (maye təbii qaz – tərc.) terminalları vasitəsilə məhz ABŞ şirkətlərinə aid olan təbii qazı idxal edirlər.

Beləliklə, yaxın dövrdə Belarus xarici siyasəti Qərb və Cənub istiqamətlərində aktivləşəcək. Rusiya da öz növbəsində ona informasiya və siyasi təzyiq göstərməyə cəhd edəcək. Ələlxüsus nəzərə alınmalıdır ki, 2020-ci ildə Belarusda prezident seçkiləri keçiriləcək. İstisna edilmir ki, müxalifət partiyalarının birində maliyyə, təşkilati və informasiya resursları ortaya çıxacaq. Ya da “yox yerdən” yeni hərəkat yarana bilər. Artıq 2009-2010-cu illərdə olduğu kimi…

Bir sözlə, maraqlı olacaq.

Əgər danışıqlar haqqında düşünsək, tərəflər hətta deklarativ olsa da, müəyyən sənədlər formatı ilə bağlı razılığa gəlməlidirlər. Çünki bu, daxili siyasi gündəlik baxımından, həm Putinə, həm də Lukaşenkoya lazımdır. Bu səbəblə, mayadək nə isə imzalayacaqlar.

Əsas sual isə budur: hər şeyin pis olmasına rəğmən, hər şeyin yaxşı olması haqqında deklarasiya olacaq, yoxsa hansısa konkretlik olacaq?

Əgər konkretlik olacaqsa, bu əsəb müharibəsindən kim qalib çıxacaq? Hələ ki, mövqelər təxminən bərabərdir. Putin təzyiq edir, lakin Lukaşenko dirənib. Bəli, Belarus iqtisadiyyatının durumu da artıq 2013-cü ildə, ələlxüsus 2005 və ya 2011-ci illərdə olduğu kimi deyildir.

Tərcümə Strateq.az-ındır

Sozcu.az

Facebook Comments