“Pulla beynəlxalq dəstək qazanmaq mümkün deyil” – Natiq Cəfərli

“Hər dəfə Azərbaycanın xarici dövlətlərə yardım ayırdığı ilə bağlı xəbərlər ictimai qınağa səbəb olur. Bu, təbiidir. Söhbət tək ondan getmir ki, Azərbaycan kiməsə yardım əli uzatmasın, vəsait xərcləməsin. Söhbət heç ondan da getmir ki, daxildə vətəndaşlarımızın böyük bir qisminə yardım, dəstək lazımdır. Məsələnin məğzi başqadır. Bu cür yardımlar ölkələrin pozitiv imici üçün, beynəlxalq dəstək qazanması üçün vacibdir. Amma ölkə daxilində qanunsuzluqlar olursa, günahsız insanlar, məsələn, Tofiq bəy kimi adamlar heç bir sübut təqdim edilmədən həbs olunursa, və ya son hadisələr zamanı hökumət ağır maddələrlə cinayət işləri açıb həbslər edib, sonra susursa, o zaman Livana 1 mil. dollar versən də heç nə olmayacaq, zatən imic məsələsi yerlərdə sürünəcək”.

Sozcu.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, başqalarına kömək edirik ki, Qarabağ məsələsində Ermənistanın vəhşi işğal siyasətinə dirənməkdə dünyadan dəstək görək, amma daxili siyasətdə yenə böyük səhvlər edirik deyə, gözlənilən dəstək də gəlmir:

“Əgər hədəflərimizə çatmağa yardımlar kömək etmirsə, o zaman nədən bunu edirik?! Əgər bu jestlər daxildə aparılan bərbad siyasətə görə beynəlxalq dəstəyə səbəb olmursa, niyə pul xərcləyək?! Məncə, düşünən insanları qıcıq edən məhz bu məsələdir, düşünməyənlər isə zatən ancaq pafosa, mənasız səs-küyə üstünlük verərək medalın o biri üzünə tay olduqlarını göstərirlər”.

Facebook Comments