Professor: “Qız oğlana “canım” deyə müraciət edərək icazə istəyir”

Gündə yüz cür müraciət forması eşidirik. “Qardaş”, “müəllim, “bəy”, “əmioğlu”, “brat”, “abi”, “yetim”… Çox vaxt bu xitabların məzmununun fərqinə varmırıq.

Hərçənd ki, bizə “qardaş” deyənlərin çoxu ilə heç qan qohumluğumuz da yoxdur. “Müəllim” xitabını işlədənlər özləri də bilirlər ki, qarşısındakı ömründə bircə dəfə olsa belə, dərs keçməyib. Elə “yetim” də arzuolunan deyil. Əcnəbi dillərdən götürdüyümüz müraciət formaları hesabına dilimizə “qəsd edilməsi” isə məlumdur. Elə isə nəyi gözləyirik? Vahid bir müraciət formasına keçmək vaxtı deyilmi?

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Filologiya elmləri doktoru, professor Möhsün Nağısoy “Sherg.az”a açıqlamasında deyib ki, bu, asan məsələ deyil:

“Vahid müraciət formasının mümkün olduğuna innamıram. Hər halda bizdə hələ qədimdən müxtəlif müraciət formaları olub. Əlbəttə, həmin xitabların bir çoxu dilimizi korlamaqla yanaşı, həm də etik normaları, şəxsiyyətlərarası münasibətləri pozur. Çıxış yolu isə maarifləndirmə işinin aparılmasındadır. Ən azından ona görə ki, hər adama “müəllim” demək yolverilməzdir”.

“Sovet vaxtında vahid müraciət forması var idi- “vətəndaş”

Dilçi-alim, professor Adil Babayevin sözlərinə görə, müraciət formalarının seçilməsində differensial yanaşmaya ehtiyac var:

“Bu, etnomental xüsusiyyətlərlə, xalqın mədəni inkişaf səviyyəsi ilə bağlıdır. Sovet vaxtında vahid müraciət forması var idi- “vətəndaş”. İndi isə hamıya-dərs keçənə də, keçməyənə də “müəllim” deyirik. Belə olmaz. “Vətəndaş” daha uyğun müraciət forması idi, nəinki “müəllim”. Toyda aparıcı hansısa qeyri-peşə nümayəndəsini də “müəllim” deyə çağırırır, professoru da. Belə olan halda o professora kim qulaq asar. Bu cür müraciətlərlə müəllimləri hörmətdən salmaq olmaz. Yaxud da tutalım, bir-birini tanımayan oğlan və qız avtobusdan düşürlər. Qız oğlana “canım” deyə müraciət edərək icazə istəyir. Nəticədə bir də baxır ki, oğlan ondan tez düşüb, qızın arxasınca gedir. Çünki müraciət forması düzgün seçilmir. Əgər həmin qız həmin oğlana “qardaşım” desə, belə məqamlar olmaz. Deməli, xitab növləri situasiyadan və insanlar araslndakı münasibətdən asılı olaraq dəyişir. Mən təqdimat formalarından da razı deyiləm. “Müəllim” sözü burada aiddir. Ömründə bir dəfə dərs keçməyini, orta məktəb müəllimini və akademiki “müəllim” sözü ilə eyniləşdirmək düzgün deyil”.

Facebook Comments