“Prezidentə yazdığım məktublara cavab verilmir” – Kirayədə yaşayan Qarabağ qazisi

Şəhid ailələrinin və Qarabağ qazilərinin sosial rifahlarının yaxşılaşdırılması, onların mənzillə təmin olunması üçün kifayət qədər vəsait ayrılsa da, hələ də kirayələrdə acınacaqlı vəziyyətdə yaşayan qazilərimiz kifayət qədərdir.

Vətən üçün canlarını fəda edən bu insanlar dövlətin qayğısından illərdir ki, yararlana bilmirlər. Bir çox qazilərimiz son ümid yeri dövlət başçısını bilib, prezidentə onlarla məktub və müraciətlər ünvanlasalar da, qazilərimizin problemləri hələ də həll edilməmiş qalıb.

Sanki dövlətin yüksək postlarında oturan hansısa qara qüvvələr qazilərimizi acınacaqlı durumda saxlayaraq, vətəndaşlarımızın vətənpərvər hisslərini boğmağa çalışırlar.

İllərdir ki, dövlətin qayğısından kənarda qalan qazilərimizin biri də 12 ildir kirayələrdə yaşayan, “N” saylı hərbi hissənin xüsusi təyinatlı bölüyündə xidmət edən Quliyev Elşad Elburus oğludur.

Gəncə Şəhər, Firdovsi küçəsi 2-ci dalan, ev 12 ünvanında qeydiyyatda olan Qarabağ qazisi Elşad Quliyev 1992-ci ildə həqiqi hərbi xidmətdə olan müstəqilliyimizin ilk əsgərlərindən biridir. Əsas döyüş yolu Ağdərə rayonunun azad edilməsi savaşından keçən Elşad Quliyev Ağdərənin düşməndən azad edilməsində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət Mirzəyevin rəhbərliyi ilə döyüşərək qəhramanlıq və sücaət göstərib. Üç övlad atasıdır.

Elşad Quliyev bildirir k, 6 il hərbi xidmətdə olub və bu illər ərzində qaynar nöqtələrdə döyüşüb. Hal-hazırda bədənində güllə yarası var və qanuni olaraq Qarabağ əlilidir. 12 ildir ki, kirayədə yaşayır. Uzun illərdir ki, mənzillə və avtomobillə təmin olunması üçün dəfələrlə dövlət başçısına, vitse-prezidentə, aidiyyəti qurumlara müraciət etsə də, mənzillə və avtomobillə təmin olunmayıb.

Qarabağ qazilərinə verilən mənzillərdə korupsiya və rüşvət hallarının olduğunu deyən Elşad Quliyev onun özündən də mənzil növbəsini ön sıraya çəkmək üçün 15-20 min manat rüşvət istədiklərini qeyd edib.

“Məmurlar prezidentin ayağının altını qazır”, – deyən Elşad Quliyev haqqını əldə edənə qədər mübarizə aparacağını qeyd edib.

Daha bir Qarabağ qazisi Fazil Quliyev də Ağdərənin azad edilməsi prosesində döyüşərək xəsarət alıb. Döyüşdə yaralanaraq böyrəyinin birini itirən Fazil Quliyev hələ də əlillik dərəcəsi ala bilmədiyini deyir.

Əlillik dərəcəsi üçün dövlətin bütün qurumlarına müraciət etdiyini deyən Fazil Quliyev hazırda övladının birinin də hərbi xidmətdə olduğunu qeyd edib.

Redaksiyadan: Prezidentin son çıxışlarından birində bundan öncə prezident administrasiyasında şikayət məktublarını gizlədən şəxslərin mövcud olmasını deməsi, artıq buna son qoyulduğunu xüsusi olaraq cəmiyyətə açıqlaması və vətəndaşlara məmur özbaşınalıqları barədə ona məlumat vermələri barədə mesaj verməsi bizdə də ümid yaradır ki, bundan sonra qazilərimizin müraciət və şikayətlərinə baxılaraq probləmləri qısa bir zamanda həll ediləcək.

Sozcu.az

Facebook Comments