“Polisin əleyhinə kütləvi təbliğat aparmaq dövlət üçün yaxşı bir şey vəd etmir” – ELDAR SABİROĞLU

Eldar Sabiroğlu

Mən polisin 19 oktyabrda icazəsiz mitinqdə iştirak edən insanlarla sərt davranış nümayiş etdirməsinə öz tənqidi münasibətimi bildirmişəm. Bu cür olmazdı. Qarşılarına çıxanı döyə- döyə Nəsimi polisinə aparırdılar. Oğlum Rüfəti də həmin gün həbs ediblər. Həbs əmrini verən çevik polis alayının komandiri general Səhlab Həsənov olub. Böyük qəhrəmanlıq edib, YAŞA SƏHLAB!!! İndi 30 sutkalığını çəkir. Həmin gün xeyli adama əziyyət verilib. Qoca – yaşlı demədən hər kəsi amansız döyürdülər. Məsələn, ölkənin görkəmli ziyalılarından olan kinodramaturq, haqları tapdanan neçə-neçə insanın müdafiəsinə qalxan Eldəniz Quliyevin 7 saat Nəsimi polisində ayaq üstə saxlanmasını və ona qarşı kobud münasibət göstərilməsini necə başa düşək?! Eldəniz müəllimlə münasibətlərimizi də əlavə etsək, o zaman bu cür vəziyyətə heç bir mənada haqq qazandıra bilmərəm. Qeyd edim ki, o istisna deyildi…
Lakin bütün bunlara baxmayaraq polisə qarşı məqsədyönlü antitəbliğatın aparılmasını da qətiyyən qəbul edə bilmərəm. Sosial şəbəkələrdə Azərbaycan polisinin yerdən-yerə vurulmasını, polisin və ailələrinin ünvanına utancverici təhqirlərin və olduqca ağır söyüşlərin söylənməsini rahat şəkildə qarşılamaq çətindir. Müəyyən acığım olsa belə polisin cəmiyyət içərisində gözdən salınmasına sevinə bilmərəm. Hər yerdə olduğu kimi polisin içərisində də pislər var. Bunu əsas tutub sosial şəbəkələrdə bütövlükdə polisin əleyhinə kütləvi təbliğat aparmaq gələcəkdə başqa mənfi simtopları yarada bilər ki, bu da nə xalq, nə dövlət üçün yaxşı bir şey vəd etmir. Acınacaqlı hallardan biri budur ki, xəmiri intriqa üzərində yoğrulmuş və bir-birinə qənim kəsilmiş hökumət məmurları arasında da polisə qarşı antitəbliğatın təşkilində rol oynayanlar var. Ona görə də hökumətə çox da bel bağlamaq olmur.