Polad Bülbüloğlu babamın musiqi alətlərini Amerikada ermənilərə satdı

Əməkdar artist Ədilə Əflaki-Nəzərli bir neçə ildir ki, dövlət tərəfindən mənzillə təmin olunmaq və bir də prezident təqaüdü almaq istəyir.

Moderator.az-a açıqlamasında müğənni bildirib ki, bununla bağlı dəfələrlə müraciət edib və indi də çalışır ki, dövlət qurumlarından ona kömək olunsun:

“Millət vəkili Qənirə xanım Paşayeva və aparıcı Hacı Nuran bizə gəlmişdi. Qənirə xanım dedi ki, prezidentə və mənə məktub yazın. Məktublar Mədəniyyət Nazirliyinə də göndərilib və ordan zəng vurub bir neçə sənəd istədilər, onu da göndərdim. İstəyirəm ki, dövlət tərəfindən mənzil və prezident təqaüdü ilə təmin olunum. Özünüz də şahidisiniz ki, Bakı milyonçusunun nəvəsi indi kasıb vəziyyətdədir, himayəmdə də şikəst uşaq var. Mayın 15-dək gözləyirəm. Hər dəfə zəng gələndə elə bilirəm ki, ev verilməsiylə bağlı zəng vurublar. 230 manat təqaüd alıram, bununla bilmirəm özüm dolanım, yoxsa müalicə olunum. 16 kvadratmetrlik bir otaqda qalıram. Böyük oğlum evlidi, qayınanasıgildə qalır, kiçik oğlum isə əlildi, mənimlə yaşayır. Kiçik oğlum da evlənməlidir. Babamın mənə miras qoyduğu 1686 kvadratmetrlik evi əlimdən alıb bu bir otaqlı ev verdilər.

1990-1994-cü illərdə mən cəbhə bölgələrində konsert vermişəm. Yer qalmadı gəzdim. Amma bizim bəzi müğənnilərimiz Moskvaya qaçıb özlərinə erməni himayədarlar tapanda, mən sinəmi gülləyə tuş elədim. O vaxt Müdafiə Nazirliyi işə dəvət etdi, amma getmədim, getsəydim, indi ev də verərdilər. Mən çox istəyərdim ki, mülküm geri qaytarılsın. Babam Mehdi Nəzərlinin fantastik dəyəri olan musiqi alətlərini Polad Bülbüloğlu Amerikada ermənilərə satdı. Musiqi alətləri muzeylərdən yoxa çıxdı və bunu heç kim özbaşına edə bilməzdi”.

Qeyd edək ki, Ədilə Əflaki məşhur qarmon ifaçısı Ələkbər Nəzərlinin nəvəsidir.

Sozcu.az

Facebook Comments