Peyğəmbərin (s) möcüzəsi yalnız Qurandırmı?

Yəni möcüzə elə əməldir ki, Allahın izni olmadan onu etmək mümkün deyil, peyğəmbərlərdən və onların canişinlərindən savayı başqa insanlar bunu yerinə yetirməyə acizdirlər. Yalançı birisi möcüzə göstərəcəyini iddia etsə, Allah onun iddiasını puç, özünü rüsvay edər.

Necə ki, yalançı Müseylimə Həzrət Mühəmməd Peyğəmbərin (s) möcüzəsini təkrar etmək məqsədi ilə bir gözü kor olan adamın gözünə əlini çəkdi, adamın gözü açılmaq əvəzinə o biri gözü də kor oldu. Müseylimə eşitmişdi ki, Peyğəmbərin (s) ağzının suyu möcüzəvi xüsusiyyətə malikdir. O da elan etdi ki, qurumaqda olan quyuya tüpürsə, su gələr. Suyu azalan quyuya tüpürdü, nəinki su çoxalmadı, əksinə, quyu tamam qurudu…

Möcüzə peyğəmbərliyin sübutlarından biridir. Keçmiş peyğəmbərlərin bir çox mözücəsi Quranda xatırlanır. Həzrət İbrahim (ə) üçün tonqalın sərin olması, Həzrət Musanın (ə) sehrli əsası, Həzrət İsanın (ə) ölüləri diriltməsi və s.

Peyğəmbərlərin möcüzələri adətən zəmanəyə uyğun olurdu.

Sozcu.az islam.az-a istinadən bildirir ki, hər zəmanədə hansı sahə dəbdə idisə, hansı sahənin mütəxəssisləri ən bacarıqlı sayılırdısa, o dövrün peyğəmbəri həmin sahədə hamını geridə qoyan bir möcüzə ilə göndərilirdi. Həzrət Musanın (ə) zamanında Misir sehr və cadunun vətəni sayılırdı. Ona görə o həzrət əjdəhaya dönən, dənizi yaran əsa ilə silahlandı və sehrbazlara qalib gəldi. Həzrət İsanın (ə) dövründə tibb və əczaçılıq özünün yüksək inkişaf mərhələsini yaşayırdı. O həzrət ölüləri diriltmək, sağalmaz xəstələrə şəfa vermək yolu ilə bütün təbibləri arxada buraxdı və tibb elmini aciz qoydu. Allahın son Elçisinin (ə) əsrində Ərəbistanda söz və şeir sənəti ən gözəl sənət sayılırdı. Ərəblərin canı-qanı ədəbiyyatla yoğrulmuşdu, qəbilələr öz şairləri ilə tanınırdı. Belə bir şəraitdə Quran ən azından öz bədii ecazkarlığı ilə şairlərə meydan oxudu və onunla yarışmaq xəyalına düşən hər kəsi aciz qoydu.

Təəssüf ki, dini maarifdən xəbəri olmayan, özündən yenilik yaratmaq fikrinə düşən bəziləri Peyğəmbərin (s) Qurandan başqa möcüzəsi olmadığını söyləyirlər. Deyirlər ki, Həzrət Mühəmmədin (s) yeganə möcüzəsi Qurandır.

O həzrətin möcüzələri içində ən böyüyü və ən parlağı, əlbəttə ki, Qurandır. Lakin bu həqiqət o həzrətin başqa möcüzələrinin olmasına maneçilik törətməz. Dinimizdə belə bir qanun yoxdur ki, bir peyğəmbərin yalnız bir möcüzəsi olmalıdır. Həzrət Musa (ə) həm ilana dönən əsa ilə, həm də işıq saçan əl ilə gəlmişdi. Həzrət İsa (ə) həm beşikdə dil açıb danışmış, həm ölünü diriltmiş, həm də xəstələri sağaltmışdı.

Həmçinin, dinimizdə belə qanun da yoxdur ki, səmavi kitab gətirmiş peyğəmbərin başqa möcüzəsi olmamalıdır.
Yuxarıdakı misallarda Həzrət Musa (ə) və Həzrət İsa (ə) səmavi kitab sahibi idilər. Onların birinə Tövrat, o birinə İncil nazil olmuşdu. Amma səmavi kitabla yanaşı, onların başqa möcüzələri də vardı. Həzrət İbrahimə (ə) səhifələr də nazil olmuşdu, bununla yanaşı, tonqalın içində yanmamaq möcüzəsi də verilmişdi. Ona görə də, Həzrət Mühəmməd Peyğəmbərin (s) Quranla gəlməsi Onun başqa möcüzələrə sahib olmasına maneə deyil.

Peyğəmbərin (s) möcüzələrini inkar edən şəxslər bir qayda olaraq qurani əqidəsinə sahibdirlər. Onlar iddia edirlər ki, həzrətin heç bir möcüzəsi barədə Quranda məlumat yoxdur, ona görə də o həzrətin Qurandan savayı möcüzəsi olmadığını qəbul etməliyik.

Qurani məntiqinin bütün zərər və təhlükələrini nəzərə alaraq, bu fikrin də tam yanlış olduğu göz qabağındadır. Dinimizdə belə bir qanun da yoxdur ki, Quranda mövcud olmayan hər şey qondarmadır və dindən kənardır. Quranilər anlamırlar və ya anlamaq istəmirlər ki, Quranda olmamaq və Qurandakıların əksinə olmaq fərqli məfhumlardır. Bir məsələ Quran məntiqi ilə ziddirsə və Qurandakı aşkar hökmün əleyhinədirsə, deməli, dində yoxdur və rədd edilməlidir. Amma əgər bir məsələ Qurana zidd deyilsə, sadəcə, Quran bu məsələ barədə xəbər vermirsə, həmin məsələni yalanlamağa haqqımız yoxdur. Quran 600 səhifə həcmində olan, əsas istiqamətləri bəlli edən, külliyyatı açıqlayan və adətən cüziyyata müdaxilə etməyən bir kitabdır. 600 səhifəlik bir kitabda bütün əqidə, əxlaq, fiqh, tarix mövzularının xırdalıqlara kimi açılmasını gözləmək sadəlövhlükdür. Quran əsas prinsipləri bəyan edir. Məsələn, Quranda əmr edilir ki, namaz qılın. Amma namazın dəqiq qılınma qaydası Quranda yoxdur; bunu hədislərdən öyrənirik.

Peyğəmbərin (s) möcüzələrinə gəlincə, bir çox təfsirçilər Quranın “Qəmər” surəsinin ilk ayəsini həzrətin Ayı iki yerə bölməsi (şəqqül-qəmər) ilə əlaqələndirirlər. Əlbəttə, quranilər ayənin bu şəkildə təfsirini qəbul etmirlər. Səhih sünnədə qeyd edilmiş digər möcüzələri də quranilər etibarlı saymırlar.

Peyğəmbərin (s) Qurandan başqa möcüzəsi olmadığını iddia edənlər Qurani-Kərimin bir ayəsinə istinad etməyi çox sevirlər. Məqalənin növbəti bölümündə həmin ayənin şərhini diqqətinizə təqdim edəcəyik.

Niyə Allah möcüzə göstərməkdən imtina edir?
Həzrət Mühəmməd Peyğəmbərin (s) Qurandan başqa möcüzəsi olmadığını iddia edənlərin ən çox müraciət etdiyi sübut Quranın “İsra” surəsinin 59-cu ayəsidir. Onlar guya bu ayənin öz iddialarını təsdiq etdiyini düşünür və mübahisələr zamanı söhbəti bu istiqamətə gətirirlər: “Quranın özündə Peyğəmbərin Qurandan başqa möcüzəsi olmadığı vurğulanıb. Əsas meyar Qurandır. Quran belə deyirsə, biz də Peyğəmbərin Qurandan başqa möcüzəsi olmadığını qəbul etməliyik”.

Əsas meyarın Quran olduğunu heç bir müsəlman inkar etmir. Amma Quran ayələrini öz istədiyi və anladığı şəkildə, kontekstdən çıxararaq şərh etməyə də heç kimin haqqı yoxdur. Nazil olma şəraitini nəzərə almadan, ayələrin əvvəli və sonu arasındakı əlaqəni gözardına vuraraq, ayələri kontekstdən çıxararaq mənalandırmaq sektaların sevimli üsuludur. Vəhhabilər də öz terror və zorakı əməllərini Quranla “əsaslandırmaq” üçün bu üsuldan tez-tez istifadə edirlər. Özünü qurani adlandıran şəxs heç olmasa Quran ayələrini düzgün anlamalıdır. Təəssüf ki, həyatda bunun əksini görürük; quranilərin əksəriyyəti təfsir metodologiyasından xəbərsiz, Quran məntiqindən uzaqdır.

Haqqında söhbət gedən ayədə buyurulur:
“Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin) onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi (maya) bir dəvə verdik, lakin onlar ona zülm etdilər (dəvəni tutub kəsdilər). Biz möcüzələri yalnız (bəndələrimizi) qorxutmaq üçün göndəririk” (İsra, 59).

Ayənin təfsirinə keçməzdən əvvəl kiçik bir müqəddiməyə ehtiyac olduğunu düşünürük. Tarixin hər bir dönəmində Allah qövmlərə peyğəmbərlər göndərsə də, bu qövmlərin içində müqavimətsiz iman gətirənlər az olmuşdur. Qurani-Kərim bizə müxtəlif qövmlərin öz peyğəmbərlərinə qarşı düşmənçiliklərindən söz açır. Şeytana uyan qüvvələr həmişə haqqın qarşısında mövqe tutmuş və var qüvvələri ilə haqqın nurunu söndürməyə çalışmışlar. Həzrət Nuhun (ə), Hudun (ə), Salehin (ə) qarşısında öz qövmləri, Həzrət İbrahimin (ə) qarşısında Nəmrud, Həzrət Musanın (ə) qarşısında Firon və Bəni-İsrailin azğın nümayəndələri, Həzrət İsanın (ə) qarşısında yalançı Bəni-İsrail rahibləri durmuşlar…

Bəzi qövmlər peyğəmbərə tabe olsalar da, bu proses çox çətin, itkili və əziyyətli keçmişdir. Allahın son Elçisinin (ə) zamanında olduğu kimi. Peyğəmbərimiz (s) bütün Ərəbistanı Allahın dininə təslim edə bilsə də, bunu ağır itkilərin və 23 illik zəhmətin bahasına edə bildi. Müşriklər əllərindən gələni etdilər ki, İslamın irəliləyişinə mane olsunlar. Hətta İslamın qələbəsindən sonra da inadkarlıq edənlər və təslim olmayanlar vardı. Hətta İslamı qəbul etdiyini bildirəndən sonra peyğəmbərlik fikrinə düşənlər və yalançı “peyğəmbərlərə” beyət edənlər vardı.

Quran bu cür inadkar qüvvələrin haqqında buyurur:
“Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz” (Ənam, 111).

Bəqərə surəsinin ilk ayələrində Allah-Taala ürəyinə və qulağına möhür vurulmuş, gözünə pərdə çəkilmiş müşrikləri vəsf etməzdən əvvəl buyurur:

“Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər” (Bəqərə, 6).

Allahın Elçisi (s) ilə peyğəmbərlik davası edənlər və peyğəmbərlik missiyasını mənimsəmək xülyasına düşənlər də ayələrdə diqqətdən kənar qalmayıblar:

“Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin (nübüvvətin, möcüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!” (Ənam, 124).

Sadalanan ayələrdən məlum oldu ki, Peyğəmbərin (s) qarşısında duran müşriklərin bir qismi heç nə ilə qane olmayacaq dərəcədə inadkar və heç bir güzəştə getməyəcək dərəcədə qəddar idilər. Allah onları kitab əhlinin pisləri ilə bir sırada xatırladır:

“Kitab əhlindən kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər. (Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir. O səhifələrdə doğru-dürüst hökmlər vardır” (Beyyinə, 1-3).

Növbəti ayələrin birində bu inadkarların aqibəti təsvir edilir: “Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər” (Beyyinə, 6).

Allah faydasız möcüzəni etməz
Bu müqəddimədən aydın oldu ki, Peyğəmbərin (s) qarşısında cəbhə açmış müşriklərin böyük bir qismi heç bir sübut və möcüzəyə tabe olan deyildi. Məkkə dövründə iman gətirənlərin və Mədinəyə hicrət edənlərin sayına baxın, sonra da Məkkədə qalıb müşrik həyatını davam etdirənlərin və daha 8 il müsəlmanlarla döyüşənlərin sayına baxın. Məkkənin varlı təbəqəsi son ana kimi, şəhər müsəlman qoşunu tərəfindən fəth edilənə kimi iman gətirmədi. Hətta bundan sonra da iman gətirdiyini söyləyənlərin bir qisminin səmimiyyəti şübhə altındadır (Əbu Süfyan kimilər nəzərdə tutulur).

Məhz ona görə Allah-Taala İsra surəsinin 59-cu ayəsində Həzrət Mühəmmədə (s) bu cür şəxslər üçün möcüzə göstərməyin qadağan edildiyini buyurur.

Bir məsələni də diqqətdən yayındırmayaq: Möcüzənin şərti bu deyil ki, hər kəsin istəyi ilə olsun. Allah hər kəsin nazı ilə oynamağa məcbur deyil. Peyğəmbərdən (s) mözücə istəyənlərin bir qisminin xahişi yerinə yetirilə bilər, bir qisminin də tələbi cavabsız qala bilərdi. Bu, tamamilə təbiidir. Peyğəmbərin (s) hər kəsin istəyini yerinə yetirmək deyə bir vəzifəsi yoxdur. Bütün möcüzələr Allahın hikməti əsasında baş verir. Allah məsləhət bilirsə, öz peyğəmbərinin vasitəsilə möcüzə göstərir. Əksinə, Allah məsləhət bilmirsə, möcüzə yaratmır.

Gündəlik həyatımızdakı dua məfhumu da belədir. Allah duaları müstəcab edəndir, hətta Quranda buyurur ki, siz məni çağırın, mən də sizin çağırışınıza cavab verim: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!” (Mömin, 60). Amma gördüyümüz kimi, heç də bütün dualar qəbul olmur. Hətta mömin bəndələrin, övliyaların da bəzi duaları cavabsız qala bilər. Allah öz məsləhət bildiyi duaları müstəcab edir, bəzi duaları isə yerinə yetirmir.

“Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin) onları yalan hesab etmələridir”.
Bu təcrübə, keçmiş ümmətlərdə tez-tez, hətta belə demək mümkünsə, daim müşahidə edilib. Onlar öz peyğəmbərlərindən möcüzə istəyiblər, amma iman gətirməyiblər. Həzrət Musanın (ə) qövmü səhrada ac qaldığı zaman tələb etdi ki, onlar üçün göydən yemək endirsin. Amma mübarək qida (mənn və səlva) endiyi zaman onu yeməkdən imtina etdilər (Bəqərə, 61). Həzrət Hud Peyğəmbərin (ə) qövmü tələb etdi ki, onlara vəd etdiyi əzabı göstərsin. Amma Allahın əzablı bəlasının nişanələri görünəndə iman gətirmədilər (Əhqaf, 22).

Nəhayət, haqqında danışdığımız ayənin ardında Allah-Taala Səmud qövmünü misal çəkir: “Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi (maya) bir dəvə verdik, lakin onlar ona zülm etdilər (dəvəni tutub kəsdilər)” (İsra, 59).

Səmud qövmü Həzrət Saleh Peyğəmbərdən (ə) tələb etdi ki, əgər onların iman gətirməsini istəyirsə, onların istəyi möcüzəni göstərsin. Yəni filan nişanələrə malik olan bir dəvəni dağın içindən çıxarsın. Qeyri-adı və hətta qeyri-mümkün görünən bu iş peyğəmbərin duası ilə həyata keçdi. Amma müşriklər nəinki iman gətirmədilər, əksinə, həmin dəvəni və balasını zülmlə öldürdülər. Bununla bir daha bu həqiqət sübuta yetdi ki, inadkar müşriklər heç bir möcüzə qarşısında öz dediklərindən dönən deyillər.

Göründüyü kimi, quranilər öz iddialarının cavabını öyrənmək üçün elə həmin ayənin ardını oxusalar, kifayət edər. Onların guya Həzrət Mühəmmədin (s) Qurandan başqa möcüzəsi olmadığına sübut kimi gətirdikləri ayənin davamı bu iddiaya açıq-aşkar şəkildə cavab verir. Lakin qurani məntiqi ilə düşünənlərin zehniyyəti bunu anlamağa qadir deyil.

Ayənin sonu bu iddianın cavabında “nöqtəni qoyur”: “Biz möcüzələri yalnız (bəndələrimizi) qorxutmaq üçün göndəririk” (İsra, 59). Yəni möcüzənin məqsədi müşriklərin nazı ilə oynamaq, onların istəyinin diqqətə layiq olduğunu bildirmək deyil. Mözücə yalnız fayda verəcəyi təqdirdə baş verir. Əgər bir möcüzənin həyata keçməsi ilə insanlar yanlış yoldan dönüb düz yola gələcəklərsə, Allah həmin möcüzənin olmasını məsləhət bilir. Əgər möcüzə istəyi yalnız şıltaqlıq və vaxt qazanmaq məqsədi daşıyırsa, bu istək cavabsız qalacaq. Sonsuz elm və hikmət sahibi olan Allah bilir ki, hansı möcüzənin hansı faydası olacaq. Gözü, qulağı, qəlbi möhürlənmiş bir şəxs üçün min peyğəmbər möcüzə göstərsə də, faydası yoxdur.

Facebook Comments