Pensiyalar nə qədər arta bilər?

Azərbaycanda əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir.

Pensiyanın sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənən pensiya ödənişi müddətinin aylarının sayına (144 ay) nisbəti şəklində hesablanan məbləğdir.

İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.

Sozcu.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvar-noyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 12,9 faiz artıb.

Əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat müəyyən olunub, 2020-ci ilin indeksləşdirməsi nəticəsində 233,2 manata çatıb. Ölkə üzrə orta aylıq nominal əməkhaqqının 12,9 faiz artmasından çıxış etsək, 2021-ci ilin indeksləşdirməsi nəticəsində minimum pensiya məbləği 30,08 manat artacaq.

2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. 2021-ci il iyulun 1-dək kişilərin, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 65-ə çatacaq.

Facebook Comments