Passionar ruhun oyanışı ən böyük qələbəmizdir

Fuad Qəhrəmanlı

Həbsdə olanda vətən müharibəsi haqda tv – lərdən aldığım məlumatlarla kifayətlənməli olurdum. Azadlığa çıxdıqdan sonra internetdə cəbhədən çəkilmiş kadrlara baxdım.
Heyrət və qürur hissi keçirdim. Əsgərlərimiz deyə – gülə qorxu bilmədən düşmən üstünə gedirlər. Bu igidlər harda yetişidlər belə, onlarda bu cəsarət və qalibiyyət gücü haradan gəlir? Axı biz xalq olaraq hər zaman özümüzdən narazı idik. Tarixi məğlubiyyətlərin miskinlik yükü başımızı aşağı əymişdi hər zaman.

Ancaq Azərbaycan əsgərinin qəhrəmanlığı, qorxu bilməyən mübarizliyi və xalqın arxa cəbhədə yumruq kimi düyünlənən milli həmrəyliyi görmədiyimiz, alışmadığımız qalib, məğrur görkəmdə yeni milli kimliyimizi bizə və dünyaya göstərdi. Ona görə biz təkcə torpaqlarımızı deyil, həm də miskinlik və acizlik girdabında qəhr olmuş milli ruhumuzu da azad etdik. Qalib xalq olduq.

“Qurani Kərimdə” Allah buyurur ki, “Şəhidlərə ölü deməyin, onlar diridirlər”. Şəhidlərin diriliyi, təkcə onların Allah dərgahındakı məqamında deyil, həm də öz ölümləri ilə bu dünyada qalanlara dirilik bəxş etməsindədir. Bizi millət olaraq yenidən dirildən, öz qəhramanlıqları ilə xalq olaraq adımızı şərəfləndirən qazilərimizin qarşısında baş əyirik.
Passionar ruhun oyanışı bizim ən böyük qalibiyyətimizdir. Bu millət olaraq bizim yenidən doğuluşumuz, hərbi zəfərlərdən həm də haqq etdiyimiz azad və qürurlu bir gələcəyə körpü salmağımız deməkdir. Biz qalib gəlməyi bacaran millətik. Eşq olsun belə millətə.

Facebook Comments