Paşinyanın bu addımı bölgəni qana boyaya bilər – Sabiq müşavir

Azərbaycanın xarici siyasəti fəal olmalı, Ermənistanın bu addımı ciddi surətdə araşdırılmalı və Ermənistan cəzasız qalmamalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Paşinyan dünənə qədər Qarabağın adından danışmağa ixtiyarı olmadığını desə də, bu gün Xankəndidə Ermənistanın Təhlükəsizlik Şurasının iclasını keçirir:

“Riyakarlığın, ikiüzlülüyün səviyyəsi nə qədər geniş olarmış. Bu adam siyasətdə yalan-palan danışmaqdan zövq aldığını bir daha nümayiş etdirir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Dünyanın heç bir ölkəsi tərəfindən burada yaradılan qondarma qurum tanınmayıb. Bu məsələdə sülhyaratma prosesi davam edir. Bu nöqteyi-nəzərdən TŞ-nın iclasının işğal altında olan Azərbaycan torpaqlarında keçirilməsi Azərbaycanın suveren hüquqlarına qəsddir. Bu, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən yenidən başqa formada pozulmasıdır. Azərbaycan ən azından BMT TŞ-nın təcili olaraq çağırılmasına və Paşinyanın bu provakasyon addımının müzakirə edilməsinə nail olmalıdır. Üstəlik, Azərbaycan digər beynəlxalq təşkilatlarda da Ermənistan tərəfinin belə addımının pislənməsi üçün addımlar atmalıdır”.

Politoloq vurğulayıb ki, beynəlxalq aləm də Ermənistanın bu addımına kəskin reaksiya verməlidir:

“Bizim dünyaya da, beynəlxalq aləmə də iradımız var. Nə zamana qədər bu cür ikiüzlülüyə, riyakarlığa göz yumacaq? Nə zamana qədər ikili standartlardan məsələyə yanaşacaq? Axı bölgənin bu hissəsi bu siyasət davam etdikcə al qana boyana, xalqlar bir-birinə qarşı müharibəyə başlaya bilər. Buna Azərbaycanın mənəvi hüququ çatır. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün əlində olan sülh variantından da, digər imkanlardan da istifadə etmək hüququna malikdir. Əgər Ermənistan tərəfi bu cür sayğısız yanaşma ortaya qoymağa davam etsə, onda bölgə yenidən təhlükəyə məruz qalacaq. Digər tərəfdən bu, Azərbaycana qarşı Ermənistanın törətdiyi birinci qanun pozuntusu deyil, buna bənzər hərəkətlər dəfələrlə olub. Amma Ermənistan hər dəfəsində cəzasız qalıb, ona ən azından qınaq xəbərdarlığı da edilməyib”.

Qeyd edək ki, ilk dəfə olaraq Ermənistan Təhlükəsizlik Şurasının iclası bu gün Azərbaycanın işğal altında saxlanılan Xankəndi şəhərində keçirilib.

Sozcu.az