“Paşinyana qarşı cəhdlər uğursuz olacaq və o hakimiyyətini qoruyub saxlayacaq” – ŞOK PROQNOZ

“Paşinyanın “İsgəndər” raket kompleksi ilə bağlı səsləndirdiyi fikirlər Rusiyada kifayət qədər sərt qarşılandı. Paşinyanın ifadə etdiyi bir neçə cümlə Rusiya hərbi sənaye kompleksinin beynəlxalq aləmdəki nüfuzuna ciddi zərbə vurdu. Bu fikirlər Rusiyanın Paşinyanı cəzalandırması ilə bağlı Ermənistanda proses başlatması ilə nəticələndi”.

Sozcu.az xəbər verir ki, Bu fikirləri KONKRET.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev səsləndirib. Politoloq Paşinyanın istefaya gedib-getməyəcəyi, yaxud devriləcəyi ilə bağlı sualları belə cavablandırıb: “Paşinyanın hakimiyyətdən getməsi bir neçə məsələdən asılıdır. Birincisi Rusiya bu prosesdə Paşinyanı hara qədər cəzalandırmaqda maraqlıdır?. Yəni sadəcə Paşinyanı cəzalandırmaq və səhv etdiyini başa salmaq, yoxsa onu devirmək və yerinə özünə yaxın qüvvəni gətirmək istəyir?. İkinci tərəfdən Ermənistanda hərbi qüvvələr Paşinyana qarşı nə qədər dirəniş göstərəcəklər? Yəni erməni hərbi birləşmələri növbəti dəfə Azərbaycan ordusu ilə qarşı-qarşıya gəlmək istəyəcəklər ya yox?. Ermənistan silahlı birləşmələrində çox gözəl anlayırlar ki, Paşinyan devrilsə, o zaman ölkədə hakimiyyətə gələn revanşist qüvvə olacaq və bu cür davranış sərgiləyəcək. Bu isə Azərbaycanla yeni münaqişə deməkdir. Ona görə də Paşinyana qarşı hərbi çevrilişin baş verməsi o qədər də real görünmür”.

Anar Əliyevin sözlərinə görə, 10 noyabr bəyanatından ötən 3 aylıq müddət ərzində Ermənistan cəmiyyəti “Qarabağ klanı”na və revanşistlərə deyil, Nikol Paşinyana daha çox inanır: “Bu baxımdan Ermənistanda Paşinyanın devrilməsi daha çox Rusiyadan asılıdır. Əgər Rusiya bu proseslərdə aktiv iştirak edəcəksə və məqsəd Paşinyanı devirmək olacaqsa, o zaman Nikol hakimiyyəti itirəcək və yerinə başqa qüvvə gələcək. Hesab edirəm ki, Paşinyanın həm Ermənistan cəmiyyətindəki mövqeyi, həm də Rusiyanın Qafqaz maraqlarına daha uyğun bir şəxs olması onu hakimiyyətdə hələ müəyyən müddət saxlayacaq. Paşinyana qarşı bu cəhdlər uğursuz olacaq və o hakimiyyətini qoruyub saxlaya biləcək. Təbii ki, bu, Rusiya qarşısında çox böyük öhdəliklər götürməklə mümkünləşəcək. Paşinyanın Rusiya ilə bağlı müsbət açıqlamaları, onun səhvini anladığını göstərir. Bu isə indiki mərhələdə Rusiya üçün kifayət edəcək”.

Facebook Comments