Paşinyan Ermənistan üçün bir şansdır

Elşən Əlisoy
Sozcu.az saytının rəhbəri

Paşinyan hakimiyyətdə qalacağı təqdirdə, Ermənistan yaxın ilərdə Qafqazda ən varlı və ən demokratik ölkəyə çevriləcək. Ermənistan Rusiyanın qalalarından biridir və Paşinyan hakimiyyətdə qalsa, o qala rusun əlindən birdəfəlik çıxacaq.

Bu gün, Türkiyənin də, Gürcüstanın da Ermənistana marağı həddindən artıq böyükdür. Türkiyə qondarma “soyqrım” iddiasının aradan qaldırılması üçün Ermənistanla hər cür əməkdaşlığa hazırdır və hətta mən deyərdim ki, maddi, siyasi, iqtisadi bütün dəstəyi verməyə hazırdır. Türkiyənin Ermənistanda maraqlarına cavab verən Paşinyandan başqa bir siyasi lider yoxdur.

Gürcüstan da Ermənistanın seperatçılıq siyasətindən əziyyət çəkən bir ölkədir. Qərb və Avropa ilə normal münasibətləri olan Gürcüstan başa düşür ki, onlara qarşı aparılan seperatçılıq siyasətinin başında Rusiya dayanır. Buna görə də, Gürcüstan Rusiyaya düşmən siyasəti yürüdən Paşinyana dəstək verəcək. Paşinyan gürcüstan üçün də fürsətdir.

Qarabağ məsələsinə gəlincə, Paşinyan Qarabağ məsələsini ustalıqla Ermənilərin xeyirinə dəyişə bildi. “Erməni siyasəti”nə yük olan ətraf rayonlar qayıtdı və iddia etdikləri Qarabağ ermənilərdə qaldı. Bundan sonra ola bilsin ki, Paşinyan hakimiyyəti Qarabağ iddiasından tamamən əl çəkib, bunu Ermənistanın davası yox, “Qarabağ ermənilərinin özlərinin müqaddaratlarını həll etmək” məsələsi olduğunu bildirəcək. Onsuz da , Ermənistan Qarabağın “müstəqilliyini” tanımayıb və Qarabağı rəsmi olaraq özünün ərazisinə salmayıb. Bu variant ordumuzun gücünü görən və bu gün Rusiyanın himayəsinə sığınmış Qarabağ seperatçıları üçün də sərf edən bir variantdır.

Paşinyan hakimiyyətinin yaxın zamanlarda Turkiyə, Gürcüstan və Azərbaycanla iqtisadi münasibətlər quracağını görsəm təəcüblənməyəcəm. Sadəcə olaraq, Azərbaycan hakimiyyəti Rusiyadan daha çox aslı olduğu üçün Paşinyanın qalıb, qalmaması məsələsinin yekunlaşmasını gözləyir. Azərbaycan hakimiyyətinin Paşinyana qarşı bəyanatları isə, Azərbaycan -Ermənistan düşmənçilik siyasəti olduğu üçün yox, Rusiyanın Paşinyana qarşı olduğu üçündür.

Onsuz da , Qarabağda vəziyyət elə bir hala gəlib ki, hətta Ermənistan Qarabağ iddiasından əl çəksə belə, Rus ordusu Qarabağ ermənilərinin maraqları üçün bölgədə qalacaq. Gec və tez Ermənistandan çıxarılacağını bilən Rusiyaya münaqişənin bitməsi sərf etmir. Rusiyaya Ermənistandan çıxacağı təqdirdə bölgədə baza qurması lazımdır, onu da Qarabağda qurur.

Hesab edirəm ki, Azərbaycanın maraqlarına uyğun olan dövlət siyasəti, Rusiyaya qarşı olan siyasi proseslərə qoşulmaq və Rus ordusunun Azərbaycan ərazisindən çıxarılması üçün mücadilə aparmaqdır. Rusiya ilə bağlı siyasətdə, Türkiyə ilə Azərbaycanın dövlət maraqlarında ciddi fərqliliklər ola bilər və Azərbaycan hakimiyyəti bu məsələdə kiminsə diqtəsini yox, Azərbaycanın dövlət maraqlarını əsas götürməlidir. Təbii ki, mən bunlardan bu davranışı gözləmirəm. Ancaq bundan başqa yolumuz yoxdur.

Hesab edirəm ki, Paşinyana qarşı fiziki terror olmadığı təqdirdə, Rusiya onu hakimiyyətdən devirə bilməyəcək.

Facebook Comments