Özümüzü zəhərləyir, maşınlarımızı xarab edir – Benzindən narazılıq

Son vaxtlar avtomobil yanacağı ilə bağlı narazılıq artıb. Əksər sürücülər yanacağın keyfiyyətindən gileylənirlər. İddia edilir ki, istehlak etdikləri benzinin tərkibi maşınlarında nasazlıqlar yaradır. Avtomobil ustaları da yaranan nasazlıqları çox vaxt benzinin keyfiyyətsizliyi ilə bağlayırlar.

İddialardan biri də odur ki, benzinin yanma müddətini uzatmaq üçün tərkibinə maddələr qatılır. Nəticədə qazanan yanacaq “tacirləri”, itirən sürücülər, ziyan görən isə avtomobillər olur.

Ekspert Elməddin Muradlı Sherg.az-a açıqlamasında benzinin tərkibi ilə bağlı sürücülərin narazılığını haqlı sayır:

“Həqiqətən də, son vaxtlar sürücülər yanacağın keyfiyyətindən şikayət edirlər. Çünki ölkəyə tərkibində müxtəlif zəhərli maddələr olan “benzin” gətirilir. Nəticədə insanlar həm maddi ziyanla üzləşir, həm də onların sağlamlıqlarına ciddi zərbə dəyir. Bir neçə ay əvvəl də belə hal baş vermişdi. Çox pis qoxuya malik maddə “yanacaq” adı ilə dövriyyəyə buraxılmışdı. Bu əməli törədənlər nəzərə almalıdırlar ki, onların yaxınları da həmin “yanacaq”dan istifadə edə bilərlər”.

Onun fikrincə, ölkəyə keyfiyyətsiz yanacaq gətirənlər və bu işdə əlbir olanlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdırlar:

“Hüquq-mühafizə orqanları, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq əhaliyə keyfiyyətsiz yanacaq təqdim edənlərlə bağlı tədbir görməli, onları müvafiq formada cəzalandırmalıdır. Çünki məsələ göründüyündən daha qlobal xarakter daşıyır. Dediyim kimi, burada təkcə sürücülərin ciblərinə və ya onların maşınlarına dəyən zərərdən söhbət getmir. Ən vacib məsələ insanların həyatının təhlükə altında olmasıdır. Ona görə də bu əməli törədənlərin heç birinə qarşı güzəşt olmamalıdır”.

Sozcu.az

Facebook Comments